QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Times Higher Education (THE) və Schmidt Science Fellows-un birgə hazırladığı “Interdisciplinary Science Rankings 2027” siyahısında Qərbi Kaspi Universiteti Azərbaycan üzrə üçüncü pillədə qərarlaşıb.

Dünya miqyasında 1 058 ali təhsil müəssisəsini əhatə edən reytinqdə universitet 501–600-cü yerlər aralığında yer alıb.

Reytinq metodologiyasında ali məktəblərin elmi-tədqiqat imkanları və nəticələri üç istiqaməti əhatə edən 11 göstərici ilə ölçülür. Tədqiqat resurslarına ayrılan 19 faizlik paya elmi işlərin maliyyələşdirilməsi, eləcə də sənayedən cəlb olunan vəsait daxildir.

Tədqiqat prosesinin təşkili 16 faiz çəkiyə malikdir. Bu istiqamətdə fəaliyyətin qiymətləndirilməsi, tədqiqat infrastrukturu, inzibati dəstək və akademik karyera imkanları nəzərə alınır.

Ən böyük pay — 65 faiz — tədqiqat nəticələrinə aiddir. Qiymətləndirmədə elmi nəşrlərin sayı və payı, tədqiqatların başqa elm sahələri üçün əhəmiyyəti, keyfiyyəti və akademik nüfuzu nəzərə alınır.

Universitetin reytinqdəki nəticəsi elmi-tədqiqat fəaliyyətinin inkişafı, müxtəlif sahələr arasında əməkdaşlığın genişləndirilməsi və beynəlxalq akademik nüfuzun artırılması istiqamətində görülən işlərin göstəricisi kimi təqdim olunur.