QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) sədri vəzifəsindən ayrılaraq Bakı Dövlət Universitetinə (BDU) rektor təyin olunması təhsil sahəsində müzakirələrə səbəb olub. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov yeni təyinatın BDU-nun inkişafına təsirindən və DİM-də idarəetmənin davamlılığından danışıb.
Deputat BDU-nu Azərbaycanın ən qədim ali məktəblərindən, cümhuriyyət dövründən qalan dəyərli təhsil ocaqlarından biri kimi xarakterizə edib. Onun sözlərinə görə, universitet ölkənin ictimai-siyasi, elmi və mədəni həyatında əhəmiyyətli yer tutan şəxslər yetişdirib. Məmmədov ulu öndərin də BDU məzunu olduğunu xatırladaraq, özü də bu ali məktəbin məzunu kimi onun təhsil ənənələrini yüksək qiymətləndirdiyini bildirib.
Məmmədov son illərdə universitetdə ciddi problemlərin müşahidə olunduğunu deyib. O, Abbaszadənin idarəçilik təcrübəsinin BDU-da bir sıra sahələrdə əsaslı dəyişikliklərə imkan yarada biləcəyini qeyd edib.
Deputatın fikrincə, diqqət yetirilməli əsas məsələlərdən biri kadr siyasətidir. O bildirib ki, müəllimlərin işə qəbulu və rəhbər vəzifələrə təyinatlar həmişə obyektiv meyarlarla aparılmayıb. Hətta sıravi müəllimlərin seçimində subyektiv amillərin və əlavə şərtlərin önə çıxması da müzakirələr doğurub.
Məmmədov yeni rektordan universitetin kadr siyasətini yenidən nəzərdən keçirməyi, savadlı və peşəkar mütəxəssislərin işinə mane olan əngəlləri aradan qaldırmağı gözlədiklərini bildirib. O, tədrisin keyfiyyətinin yüksəldilməsini, mənfi hallara qarşı ardıcıl tədbirlər görülməsini, müəllim heyətinin və universitetin imkanlarının gücləndirilməsini də vacib sayıb.
DİM-in gələcək fəaliyyəti barədə danışan deputat qurumu strateji əhəmiyyətli dövlət strukturu adlandırıb. O, Məleykə Abbaszadənin rəhbərliyi illərində yaxşı idarəetmə sistemi və struktur formalaşdırdığını, toplanmış təcrübənin, institusional ənənələrin və peşəkar kadr potensialının qorunmasının vacibliyini vurğulayıb.
“Əsas narahatlığım ondan ibarətdir ki, Azərbaycan reallığında bir sıra hallarda gələnin gedənə rəhmət oxutdurduğunu görürük. Yəni bir şəxsə etimad göstərilir, ancaq o, təəssüf ki, bəzən etimadı doğrultmur və nəticədə müəyyən problemlərin şahidi oluruq. Ona görə əsas məsələ odur ki, gələn şəxs Məleykə Abbaszadənin qurduğu bu sistemi, mühiti dağıtmasın”, – deputat bildirib.
Onun sözlərinə görə, DİM-də çalışan təcrübəli əməkdaşlar saxlanmalı və onların biliklərindən səmərəli istifadə edilməlidir. Məmmədov tanışlıq, dostluq və qohumluq meyarlarının tətbiqinin sistemin zəifləməsinə gətirib çıxara biləcəyini deyərək, yeni rəhbərin şəffaflığı, obyektivliyi və qurumda formalaşmış ənənələri qorumasının önəmli olduğunu qeyd edib.