QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilən Elçin Babayevin həyat yoldaşı Yazgül Abdıyeva Prezidentin sərəncamına hörmətlə yanaşdıqlarını bildirib.
Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri, tibb üzrə fəlsəfə doktoru Abdıyeva yeni təyinatın uğurlu olmasını arzulayıb və hər şeyin yaxşı olacağına ümid etdiyini deyib. O, “Elçin müəllim hər zaman öz missiyasını vicdanla, zəhmətlə və sevərək yerinə yetirib” sözlərini də əlavə edib.
Abdıyeva həyat yoldaşının rektor postundan azad olunması ilə Bakı Dövlət Universitetinin dosenti və baş müəllimi Nərman Süleymanovun (Qocatürk) ölümü arasında əlaqə olmadığını vurğulayıb. “Bunların bir-biri ilə heç bir əlaqəsi yoxdur”, – deyə o bildirib.
Xatırladaq ki, jurnalist Şərəf Cəlilli həyat yoldaşı Nərman Süleymanovun rektorun qurbanı olduğunu söyləmişdi.