QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti Bakı və Abşeron yarımadasında, həmçinin ölkənin bir sıra bölgələrində küləkli hava ilə əlaqədar sarı və narıncı xəbərdarlıq yayıb.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraitində hərəkət edənlərə müraciət edərək diqqətli olmağı tövsiyə edib. İdarənin məlumatına görə, şiddətli külək yollarda təhlükə yarada, xüsusilə qoşqulu, tentli və uzunölçülü yük maşınlarının hərəkətinə mane ola bilər.

Belə avtomobilləri idarə edən sürücülər yüklərin düzgün qablaşdırılmasına diqqət yetirməli və yolda məsuliyyətli davranmalıdırlar. Nəqliyyat vasitələrinin aşma və ya sürüşmə riski olan obyektlərin yanında saxlanılmaması, parklanma zamanı isə qapalı yerlərin seçilməsi məsləhət görülüb.

Açıq sahələrdə küləyin qaldırdığı toz görünüşü zəiflədə bilər. Buna görə sürücülər sürətə və ara məsafəsinə nəzarət etməli, ötmə və manevrləri ehtiyatla həyata keçirməlidirlər.

BDYPİ piyadalara da hava şəraitini nəzərə almağı və özlərinin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhlükəyə atan hərəkətlərdən çəkinməyi bildirib.