QafqazNews Manset.az-a istinadən xəbər verir ki, bu ilin sentyabrında Bakının Nəsimi rayonunda marketdə həyat yoldaşına zor tətbiq edən Ramil Cəfərovun məhkəməsi başa çatıb.

Nəsimi Rayon Məhkəməsində keçirilən iclasda 1979-cu il təvəllüdlü Cəfərov Cinayət Məcəlləsinin 221.1-ci maddəsi, yəni xuliqanlıq üzrə təqsirli sayılıb. Hadisənin Mirəli Qaşqay küçəsindəki supermarketdə baş verdiyi müəyyənləşib.

Hadisə görüntüləri yayılandan sonra Ramil Cəfərov 15 sutka inzibati qaydada həbs olunub. Daha sonra polis onun barəsində cinayət işi açıb.

Məhkəmədə təqsirləndirilən şəxs günahını qəbul etməyib. O, həyat yoldaşının davranışının onu əsəbiləşdirdiyini bildirib. Cəfərovun sözlərinə görə, marketdə terminal vasitəsilə pul köçürmək istəyib, əməliyyat üçün lazım olan kodu bilmədiyindən arvadı Səbinədən (şərti ad) kömək istəyib. Onun laqeyd cavab verdiyini və meyvə satıcısı ilə danışdığını görərək əsəbiləşdiyini, özünü saxlaya bilməyib hadisəni törətdiyini deyib.

Zərərçəkmiş qadın ifadəsində Ramil Cəfərovla nikahdan beş azyaşlı övladlarının olduğunu qeyd edib. Uşaqların hadisə zamanı marketdə olduğu və baş verənləri gördüyü bildirilib.

Qadının danışdığına görə, həmin gün saat 11:40 radələrində onlar ev üçün alış-veriş etmək məqsədilə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 36 ünvanındakı marketə gediblər. Girişdəki “Milliön” terminalında Ramil işıq pulunu ödəyərkən qadın qəbzdəki rəqəmləri ona deyib. Ramil rəqəmlərin səhv olduğunu iddia etdikdə aralarında mübahisə yaranıb. Qadın kağızı onun üzərinə ataraq uzaqlaşıb, bundan sonra Ramil arxasınca gedərək saçından dartıb yerə yıxıb və yerdə sürüyüb. Zərərçəkmişin başı müxtəlif yerlərə dəyib.

Qadın Ramil ilə barışmadığını desə də, beş övladının mənafeyini nəzərə alaraq onun həbs olunmasını istəmədiyini bildirib. O, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmü ilə Ramil Cəfərova aylıq qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 9 ay müddətinə islah işləri cəzası verilib.