QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, tikinti sektorunda vahid vergi rejiminə keçid və əməliyyatların rəsmiləşdirilməsi xərcləri artıraraq mənzil qiymətlərinə təsir göstərir. Əmlak eksperti Firdovsi Xəlilov bu dəyişikliklərin kommersiya və istehsal obyektlərində əmlak vergisinin yüksəlməsi ilə sahibkarların əməliyyat xərclərinə də təsir edəcəyini bildirib.
Xəlilovun sözlərinə görə, 2020-ci ilədək tikinti şirkətinin MMC və ya Mənzil-Tikinti Kooperativi (MTK) olması vergi mexanizminə təsir edirdi. MMC-lər ümumi satış dəyərindən 18 faiz ƏDV və 20 faiz mənfəət vergisi ödəyirdi. MTK-lar üçün isə əsasən sabit vergi razılaşması tətbiq olunur, əraziyə görə hər kvadratmetrə düşən məbləğ təxminən 60-65 manatdan 140 manatadək dəyişirdi. Bakı üzrə orta göstərici 100-110 manat civarında idi. Bu sistemdə sahibkar vergi xərcini əvvəlcədən hesablaya bilirdi.
Ekspert qeyd edib ki, indi MTK-lar və MMC-lər eyni vergi qaydalarına tabedir: müqavilə məbləğinə 18 faiz ƏDV, xərclər çıxıldıqdan sonra qalan mənfəətə isə 20 faiz vergi tətbiq edilir. Nəticədə Bakıda tikintinin hər kvadratmetrinə düşən faktiki vergi yükü əvvəlki 100-110 manat səviyyəsindən dəfələrlə artaraq 1000 manata yaxınlaşıb.
Bu dəyişikliklər tikinti sektorundan büdcəyə daxilolmaları artırsa da, daşınmaz əmlakın maya dəyərini yüksəldib. Xəlilovun bildirdiyinə görə, bahalaşma həm ilkin mənzil bazarında, həm də onun təsiri ilə təkrar bazarda qiymətlərə yansıyıb.
Ekspert tikinti xərclərinə şəffaflaşma tədbirlərinin də təsir etdiyini vurğulayıb. Əvvəllər material və xidmətlər üzrə hesablaşmalar bəzən barter və ya nağd aparılırdısa, hazırda əməliyyatların bank köçürməsi və rəsmi sənədlərlə rəsmiləşdirilməsi tələb olunur. Podratçıların, subpodratçıların və topdansatış təchizatçılarının da vergi sisteminə cəlb edilməsi onların qiymətlərini artırıb və bu xərclər binanın maya dəyərinə əlavə olunub.
Xəlilov şəffaflığın təmin edilməsi və iqtisadiyyatın leqallaşdırılması üçün görülən tədbirləri zəruri sayıb. Bununla yanaşı, vergi yükünün artması və təchizat zəncirinin rəsmiləşdirilməsinin son məhsulun xərcini yüksəltdiyini, əlavə xərclərin isə satış qiymətləri vasitəsilə istehlakçıya ötürüldüyünü bildirib. Onun sözlərinə görə, kommersiya və istehsal obyektlərinin əmlak vergisinin artırılması sahibkarın əməliyyat xərclərini çoxaldacaq; bu da gələcəkdə məhsul və xidmətlərin qiymətlərində əks oluna bilər.