QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, “Neftçi”nin U-19, U-17, U-16 və U-15 komandalarının futbolçuları və məşqçi heyəti üçün “Palms Sports” Futbol Mərkəzində antidopinq seminarı təşkil olunub.
Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov iştirakçılara antidopinq tələblərini, onların idmanda tətbiqini və idmançıların məsuliyyətini izah edib.
Seminarda antidopinq normalarına riayət etməyin peşəkar idmanın mühüm prinsiplərindən olduğu vurğulanıb. Gənc oyunçuların biliklərinin artırılması, mümkün qayda pozuntularının qarşısının alınması və idmanda dürüstlüyün təşviqi müzakirə olunub.
Futbolçuların antidopinq qaydalarını hələ erkən yaşlardan öyrənməsinin vacibliyinə də diqqət çəkilib. Görüşün məqsədi akademiya komandalarının oyunçu və məşqçilərini bu sahədə məlumatlandırmaq, məsuliyyətli idman davranışını təşviq etmək olub.