QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi məhkumun övladlarını məktəbə və hazırlıq kursuna aparıb-gətirə bilməsi üçün yaşayış yerini tərk etməməli olduğu saatları dəyişib. Qərarı hakim Teymur Həsənov çıxarıb.

40 yaşlı F. Rəcəbov daha əvvəl cinayətdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb və elektron qolbaqla nəzarətə götürülüb. Hökmə əsasən, o, hər gün saat 20:00-dan 09:00-dək evini tərk etməməli idi.

Məhkum cəzanın özündən şikayət etməsə də, müəyyən olunmuş saatların ailə həyatında çətinlik yaratdığını bildirib və qeydiyyatda olduğu rayon məhkəməsinə müraciət edib. Ərizəsində səhər saat 08:00-dan əvvəl uşaqlarını məktəbə çatdırmalı, axşam isə qızını hazırlıq kursundan götürməli olduğunu qeyd edib.

O, həmçinin evdə birinci qrup əlilliyi olan, yataq xəstəsi anasına və ikinci qrup əlil həyat yoldaşına baxıldığını yazıb. Məhkumun sözlərinə görə, övladları altı gündür hazırlıq dərslərinə gedə bilməyib. Buna görə vaxt məhdudiyyətinin dəyişdirilməsini istəyib.

Hakim atanın əsaslarını nəzərə alaraq yaşayış yerini tərk etməməli olduğu dövrü saat 22:00-dan 07:00-dək müəyyənləşdirib.

Qərarda uşaqların təhsil hüququnun qorunmasının vacibliyi vurğulanıb. Hakim bildirib ki, atalarının törətdiyi cinayətə görə uşaqlar əziyyət çəkməməlidir. Dəyişiklik məhkumun öhdəliyinin məzmununa deyil, yalnız onun qüvvədə olduğu vaxta aiddir.