QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsində, eləcə də Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərindəki mənzillərin güzəştli satışını elan edib.
Satışa ümumilikdə 1 049 mənzil çıxarılır. Onlardan beşi Hövsan kompleksinin ikinci mərhələsində, 839-u Binəqədidə, 201-i Şirvanda, dördü isə Yevlaxda yerləşir. Mənzillərin seçimi dekabrın 16-da saat 11:00-da başlayacaq və 13:00-da başa çatacaq. Gözləmə qaydasında seçim həmin gün saat 12:00-dan 13:00-dək aparılacaq.
Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanına əsasən, mənzillərin əldə olunması Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Güzəştli mənzil” sistemi üzərindən elektron qaydada həyata keçirilir. Mənzil seçmək hüququ yalnız həmin sistemdə elektron kabineti olan vətəndaşlara verilir. Qeydiyyat tarixi və sıra nömrəsindən asılı olmayaraq, kabinet sahiblərinin seçim hüquqları bərabərdir.
Hövsan kompleksinin ikinci mərhələsində satışa çıxarılan dördotaqlı mənzillər 118 800 manatdır. Binəqədidə üçotaqlı mənzillərin qiyməti 98 415 manatdan başlayır, dördotaqlılar 133 650 manat, beşotaqlılar isə 211 275 manatdır.
Şirvanda ikiotaqlı mənzillər 54 815 manat, üçotaqlılar 69 160 manatdan, dördotaqlılar isə 93 765 manatdan başlayır. Yevlaxda birotaqlı mənzilin qiyməti 43 225 manat, üçotaqlı mənzillərin qiyməti 70 490 manatdan başlayır, dördotaqlı mənzil isə 103 740 manatdır. Göstərilən satış qiymətlərinə ƏDV daxildir.
Hövsan və Binəqədi komplekslərində mənzillərin dəyəri yalnız alıcının öz vəsaiti hesabına ödənilə bilər. Şirvan və Yevlaxda isə həm şəxsi vəsait, həm də ipoteka krediti ilə ödəniş mümkündür. İpoteka variantını yalnız ilkin razılıq qərarını əldə edərək elektron kabinetində yerləşdirən şəxs seçə bilər.
Mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi və cihazı, eləcə də su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş vəziyyətdə təklif edilir.
Komplekslərin binaları Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilib və tikilib. Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi Hövsanın ikinci mərhələsinə dair 02.11.2020-ci il tarixli 30383 nömrəli müsbət rəy verib.
Binəqədi kompleksi üzrə idarənin müsbət rəyləri 03.04.2023-cü il tarixli 34942, 27.04.2023-cü il tarixli 35053 və 35054, habelə 20.06.2023-cü il tarixli 35357 və 35358 nömrələrini daşıyır. Şirvan kompleksi üçün 03.07.2023-cü il tarixli 35409 və 14.09.2023-cü il tarixli 35911, Yevlax kompleksi üçün isə 09.12.2023-cü il tarixli 36452 nömrəli müsbət rəylər mövcuddur.
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı, 13 saylı Şirvan və 17 saylı Yevlax ərazi idarələri mənzillər üzrə mülkiyyət hüququnu təsdiqləyən dövlət reyestrindən çıxarışlar verib.
MİDA-nın www.mida.gov.az/layiheler səhifəsində satışa çıxarılan mənzillərin dəqiq sahələri, qiymətləri və agent banklar barədə məlumat yerləşdirilib. Güzəştli mənzil əldə etmək qaydaları, seçim prosesi və satış şərtləri ilə www.mida.gov.az saytında, Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzində və “108” çağrı mərkəzi vasitəsilə tanış olmaq mümkündür. İstifadə təlimatları elektron kabinetdə və MİDA saytının “Güzəştli mənzil sistemi” bölməsində də mövcuddur.