QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun Ali Məclisin sədri olduğu müddətdə imzaladığı 47 fərman ləğv olunub.

Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev Ali Məclis sədrinin bəzi fərmanlarına düzəliş edilməsi və bir sıra sənədlərin qüvvədən düşməsi barədə qərar imzalayıb.

Ləğv edilən sənədlər arasında muxtar respublikanın fəxri adları, əmək və sosial müdafiə, avtonəqliyyat, torpaq və xəritəçəkmə, iqtisadi inkişaf, vergi, ekologiya, rabitə, tikinti və memarlıq sahələrinə aid fərmanlar var.

Qüvvədən düşən aktlar həmçinin dövlət agentlikləri və komitələrinin yaradılması, onların əsasnamə və strukturlarının təsdiqi, Nazirlər Kabinetinin təşkili, Naxçıvan Beynəlxalq Hava Limanı, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi və digər qurumların fəaliyyəti ilə bağlı məsələləri əhatə edir.

Fərmanların bir qismi təhsil, kənd təsərrüfatı, baytarlıq, mədəniyyət və turizm, nəqliyyat, dövlət qulluğu, sahibkarlığa dəstək, sənaye parkları və təlim mərkəzi ilə bağlı olub.