QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, bəzi ölkələrdə yolu keçərkən telefon işlədən və ya ekrana baxaraq diqqəti yayınan piyadalar cərimələnir. Bu tədbir yol hərəkətində diqqətsizliyi azaltmaq və qəza riskinin qarşısını almaq məqsədi daşıyır.
Azərbaycanda da telefonla yolu keçən piyadalar üçün cərimə tətbiqinin mümkünlüyü və belə bir qaydaya ehtiyac olub-olmaması müzakirə olunur. Nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, bu təcrübəyə müxtəlif ölkələrdə rast gəlinir.
Onun sözlərinə görə, Azərbaycanda əvvəlcə piyadaların əsas qaydalara əməl etməməsi, xüsusən keçidlərdən istifadə etmədən yolu istənilən yerdən keçməsi problemi həll edilməlidir. “Bu problemi hələ aradan qaldıra bilməmişik, hazırda birinci mərhələdəyik. Məsələni həll edə bilsək, sonrakı mərhələdə başqa qaydaların tətbiqi də mümkün olar”, – deyə ekspert qeyd edib.
Raufoğlu nəzarətin yetərincə qurulmadığını da vurğulayıb. Onun müşahidəsinə görə, müəyyən edilməmiş yerlərdən keçən piyadaların kütləvi cərimələnməsi baş vermir; ayrı-ayrı məkanlarda görülən tədbirlər isə geniş yayılmayıb.
Ekspert bildirib ki, telefonla yolu keçmə qaydasının tətbiqi də icra və nəzarətdən asılı olacaq. Piyada keçidindən istifadə etməməyə görə cərimə nəzərdə tutulsa da, bu pozuntuya görə piyadalar faktiki cəzalandırılmır və qaydanı pozmağa davam edirlər.
Raufoğlunun fikrincə, telefonla danışaraq və ya telefondan istifadə edərək yolu keçmək də oxşar problem yarada bilər. Nəzarət mexanizmi qurularsa, bu davranış qayda pozuntusu sayıla bilər. Hazırda isə belə hallar, görünür, əsasən hər hansı hadisədən sonra qeydə alınır.