QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, şəhid kapitan Vüqar Nəcəfovun anası Şəmsiyyə Yusifova 8 Noyabr – Zəfər Günü münasibətilə xalqı təbrik edib. O, bayramın Ali Baş Komandanın, şəhidlərin və qazilərin xidmətləri sayəsində mümkün olduğunu bildirib.

Yusifovanın sözlərinə görə, ailələr övladları ilə bu günü bir arada qeyd etmək istəsələr də, onlar ərazi bütövlüyü uğrunda həyatlarını qurban verərək Zəfər Gününü xalqına bəxş ediblər. Şəhid anası dövlətə və orduya görə dua edib.

O, oğlunun ən böyük istəyinin torpaqların azadlığı olduğunu deyib. Yusifova Vüqarın bu arzusuna çatdığını, qəhrəmanların canları və qanları bahasına məqsədlərinə nail olduqlarını vurğulayıb.

Şəmsiyyə Yusifovanın bildirdiyinə əsasən, Vüqar Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində döyüşüb. O, 2020-ci il oktyabrın 2-də Cəbrayıl istiqamətində şəhid olub. Həmin vaxt 32 yaşı olan kapitan evli idi və iki övladı yadigar qalıb. Anası onu cəsarətli, qorxmaz və ailəsinə bağlı insan kimi xarakterizə edib.