QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, bəstəkar Ələkbər Tağıyevin “Sən Gəlməz Oldun” mahnısının yaranma səbəbi açıqlanıb. Bu barədə onun hüquqşünas oğlu Xaliq Tağıyev “AStar” layihəsində danışıb.

Xaliq Tağıyevin sözlərinə görə, bəstəkar əsəri qardaşı oğlunun həyat yoldaşı Sevda xanıma həsr edib. Sevda övladı dünyaya gəldikdən sonra xərçəng xəstəliyinə tutulub və körpəsi hələ balaca ikən dünyasını dəyişib.

O bildirib ki, atası Sevdanın yas mərasimində iştirak edib. Onun acı taleyindən təsirlənən Ələkbər Tağıyev bu musiqini bəstələyib.

“ Sən Gəlməz Oldun” Mədinə Gülgünün sözlərinə yazılmış mahnıdır. Əsəri müxtəlif vaxtlarda Zeynəb Xanlarova, Məmmədbağır Bağırzadə, Faiq Ağayev və Əlixan Səmədov ifa ediblər.

Xarici ifaçılardan Sibel Can və Gülay Sezər mahnını türkcə, Sati Kazanova azərbaycanca, Soqdiana isə rusca “Məni yada sal” adı ilə səsləndirib.