QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, jurnalist Arifə Əliyevanın yaratdığı “Arifa Ethno” brendi Zəfər Bayramının altıncı ildönümünə həsr edilən “Qarabağ” adlı kolleksiyasını təqdim edib.
Kolleksiyanın müəllifi və dizayneri Arifə Əliyevadır. Burada Qarabağın tarixi-mədəni irsi, xüsusən Füzulinin xalçaçılıq ənənələri müasir dəb üslubunda əks olunub.
Qədim mədəniyyət mərkəzlərindən sayılan Füzuli xalçaçılıq məktəbi və özünəməxsus ornamentləri ilə seçilir. Bu irsdən ilhamlanan kolleksiyada Füzuli xalçalarına xas naxış və kompozisiyalar geyim, yaylıq və çanta dizaynlarında işlənib.
Yeni kolleksiyanın digər əsas motivlərindən biri Qarabağ atlarıdır. Zərifliyi, dözümlülüyü və çevikliyi ilə tanınan bu atlar Azərbaycan xalqının milli-mədəni irsinin ayrılmaz parçası, Qarabağın tarixi şöhrətini və özünəməxsusluğunu ifadə edən rəmzlərdəndir.
Arifə Əliyeva qədim milli ornamentlərin orijinallığını qoruyaraq onları müasir dəb vasitəsilə təqdim edib. “Qarabağ” kolleksiyasında tarixi irs və çağdaş dizayn vahid konsepsiya ətrafında bir araya gətirilib.
“Qarabağ” “Arifa Ethno” çərçivəsində hazırlanan altıncı kolleksiyadır. Brend daha əvvəl “Xurcun”, “Şah Göl”, “Simurq”, “Qobustan” və “Payız” kolleksiyalarını təqdim edib.