QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, ABŞ-də 75 KFC və 9 KFC/Taco Bell ortaq brendli restoranı işlədən Tasty Chick'n şirkəti iflasdan qorunmaq üçün məhkəməyə müraciət edib.
Teksasda yerləşən franşiza operatorunun aktivləri 50-100 milyon dollar, öhdəlikləri isə 100-500 milyon dollar həcmində göstərilib. Şirkət maliyyə vəziyyətini qaydaya salmaq məqsədilə 10 ştatda fəaliyyət göstərən restoranlarını birlikdə və ya ayrı-ayrı satmağı nəzərdə tutur.
Satışların azalması və xərclərin artması nəticəsində Tasty Chick'n-in mənfəət marjası 2023-cü ildəki 11,8 faizdən 4 faizə enib. Bundan başqa, ana şirkət Yum Brands qarşısında olan 15,6 milyon dollarlıq borc müqavilələrin ləğv edilməsi riskini yaradıb.
Fəaliyyətini davam etdirmək üçün şirkət MidCap Financial Trust-dan 20 milyon dollar maliyyə cəlb etməyə çalışır. Restoranların satışından əldə olunacaq vəsaitlə borcların azaldılması planlaşdırılır.
Məhkəməyə edilən müraciət KFC və Taco Bell şəbəkələrinin özlərini deyil, yalnız Tasty Chick'n franşiza şirkətini əhatə edir.