QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Milli Məclis “Telekommunikasiya haqqında” Qanuna dəyişiklik layihəsini üçüncü oxunuşda qəbul edib.
Məsələ parlamentin bugünkü plenar iclasında müzakirə olunub. Təklif olunan dəyişikliklər operator və provayderlərin öhdəliklərini konkretləşdirir.
Layihəyə əsasən, telekommunikasiya xidmətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsbit edəcəyi keyfiyyət göstəricilərinə uyğun göstərilməlidir. Hazırkı qanunvericilikdə xidmətlərin müəyyən edilmiş standart, norma və qaydalara uyğun olması nəzərdə tutulur.
Qanunda yer alan “standart, norma və qaydalar” və “telekommunikasiya xidmətlərinin standartları” ifadələrinin konkret və məcburi tələbləri birmənalı müəyyən etməyə imkan vermədiyi bildirilir. “Keyfiyyət göstəriciləri” isə xidmət səviyyəsini ölçmək və yoxlamaq üçün istifadə olunan meyarları əhatə edir, tənzimləmənin predmetini daha dəqiq ifadə edir.
Rabitə və yüksək texnologiyalar sahəsində, o cümlədən internet xidmətləri üzrə müəyyən edilən göstəricilər göstərilən xidmətlərin təmin etməli olduğu konkret keyfiyyət meyarlarını əhatə edir. Onlar keyfiyyətin ölçülməsi və qiymətləndirilməsi üçün əsas sayılır, operator və provayderlər üçün isə məcburi tələblər müəyyənləşdirir.
Dəyişikliklər telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair hüquqi tələbləri aydınlaşdırmaq və hüquqi müəyyənlik prinsipini təmin etmək məqsədi daşıyır. Layihə müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.