QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə mətbuat katibi vəzifəsinə yeni təyinatı gecikdirir.
Tramp bunu “New York Post”a müsahibəsində vəzifələrinin öhdəsindən layiqincə gəlməsi və media nümayəndələri ilə müntəzəm təmasda olması ilə əlaqələndirib. Onun sözlərinə görə, mətbuat katibi olmadıqda yaranan səhvlərə görə başqasını deyil, yalnız özünü məsul tuta bilər.
“Kiməsə ‘bunu başqa cür desəydin, daha yaxşı olardı’ deməkdənsə, yalnız özümü qınaya bilərəm”, – deyə o bildirib.
ABŞ lideri jurnalistlərlə istənilən prezidentdən daha çox görüşdüyünü də qeyd edib.
Tramp mətbuat katibi postu üçün bir neçə uyğun namizədinin olduğunu söyləsə də, onların kimliyini açıqlamayıb. O, bu işi görmək istəyənlərin çox olduğunu, lakin avqustun sonunadək vəzifədə olmuş Karolin Livittini əvəzləməyin çətin olacağını deyib.
Ağ Evin mətbuat katibi vəzifəsi oktyabrın 16-dan boşdur. Həmin vaxt Tramp Keti Zaxariyaya istefa verməsini tövsiyə edib. Zaxariya postda cəmi beş gün qalaraq 2017-ci ildə Ağ Evin kommunikasiyalar üzrə keçmiş direktoru Entoni Skaramuççinin müəyyən etdiyi antirekordu yeniləyib.
Noyabrın 7-də Tramp “Truth Social”da mətbuat katibliyini UFC rəhbəri Dana Vayta təklif etdiyini yazıb. Daha sonra jurnalistlərə bunun zarafat olduğunu bildirib.