QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Ankaranın Çubuk rayonunda torpağın altında yetişən trüf göbələyinin kiloqramı 70 min lirəyə, təxminən 2300 manata satılır. Göbələyin yeri xüsusi təlim keçmiş itlərin köməyi ilə müəyyən olunur. Mütəxəssislər Türkiyənin istehsal potensialının yüksək olduğunu, ölkənin müxtəlif bölgələrində bu məhsulun ilin bütün aylarında tapıldığını bildirirlər.

Türkiyənin müxtəlif ərazilərində altı ildir trüf axtaran Gökhan Akarın sözlərinə görə, ölkədə bu sahənin böyük, lakin hələ yetərincə tanınmayan imkanları var. O qeyd edib ki, trüfün 12 növü mövcuddur, onlardan yalnız dördü kommersiya baxımından əhəmiyyət daşıyır.

Akar Türkiyəni trüf baxımından hələ araşdırılmamış imkanlara malik ölkə kimi xarakterizə edib. Onun bildirdiyinə görə, uyğun vaxtda, düzgün ərazidə və doğru üsulla axtarış aparılarsa, ilin təxminən 12 ayı müxtəlif təbii mühitlərdə trüf tapmaq mümkündür.

Akar həmçinin bu göbələyin günəş işığına məruz qalmadan, torpaq altında yetişməsinə baxmayaraq, D vitamini ilə zəngin qidalardan biri olduğunu deyib. O, trüfün vitamin və mineral tərkibi baxımından da böyük potensiala sahib olduğunu vurğulayıb.

Trüf müxtəlif ağacların kökləri ətrafında yetişə bilir və bütün fəsillərdə tapılması mümkündür. Ən çox palıd ağaclarının dibində rast gəlinən göbələk şam, qovaq, şabalıd və fındıq ağaclarının yaxınlığında da yetişir. Akarın sözlərinə görə, mövsüm ərzində növ və tapıldığı coğrafi ərazi dəyişir.

Göbələk torpağın altında olduğuna görə onun aşkar edilməsində xüsusi təlim keçmiş itlərdən yararlanılır. Akar qeyd edib ki, bu iş torpaqdakı qoxuları seçə bilən itlərin imkanlarına əsaslanır. Təlim 20 gündən bir aya qədər çəkir. İtlər qoxu ilə trüfü tapır, torpağı qazaraq çıxarır və sahiblərinə gətirirlər.

Akar Türkiyədə toplanan trüfün təxminən 90 faizinin xaricə göndərildiyini bildirib. Pərakəndə satış qiymətinin hazırda təqribən 70 min lirə olduğunu deyən mütəxəssis əlavə edib ki, ölkədə otel və restoranlarda da bu məhsuldan istifadə artmağa başlayıb. Trüf kosmetika sahəsində də tətbiq olunur, Türkiyədə isə bazar yeni formalaşır.

Bahadır Kemal Kılınç trüf axtarışına Rufi adlı iti sahibləndikdən sonra başladığını söyləyib. O, bu sahəyə maraq göstərənlərin əvvəlcə təcrübəli axtarışçılardan məlumat almasının vacibliyini bildirib.

Kılınç yeni başladığı bu işdə öyrəniləsi çoxlu incəlik olduğunu deyib. Həyat yoldaşı ilə təbiətdə gəzməyi sevdiklərini söyləyən Kılınç trüfün kiloqramının 70 min lirə olduğunu öyrəndikdən sonra bu məşğuliyyətə marağının daha da artdığını qeyd edib. İlk trüfünü tapacağı günü səbirsizliklə gözlədiyini bildirib.