QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, noyabrın 25-nə keçən gecə Ukraynanın pilotsuz aparatları Rusiyanın Samara vilayətinə genişmiqyaslı hücum edib.
Vilayət rəhbəri Vyaçeslav Fedorişevin sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri və mobil atəş qrupları bölgə səmasında 145 PUA-nı zərərsizləşdirib. Hücumda bir nəfər ölüb, həmçinin ziyan qeydə alınıb. Qubernator itkilərlə bağlı əlavə təfərrüat açıqlamayıb, bəzi ərazilərdə elektrik enerjisinin kəsildiyini bildirib.
Yerli sakinlər partlayış səsləri eşitdiklərini deyiblər. Onlar hava həyəcanı siqnalının hücum başlayandan təxminən bir saat sonra verilməməsindən narazılıq ediblər.
Şahidlərin çəkdiyi kadrlarda dronların Sızran və Kuybışev neft emalı zavodlarını hədəf aldığı görünür. Hər iki obyekt “Rosneft”ə məxsusdur və vilayətin ən böyük sənaye müəssisələri sırasındadır.
Zərbədən sonra Sızran neft emalı zavodunda böyük yanğın başlayıb. Müəssisənin illik emal gücü təxminən 8,9 milyon ton neftdir. Zavod sentyabrın 15-də də dron hücumuna məruz qalmışdı. Həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı ilkin emal qurğusu və neft anbarının zədələndiyini, nəticədə istehsal prosesinin dayandırıldığını açıqlamışdı.
Samara şəhərində yerləşən Kuybışev Neft Emalı Zavodunda da PUA hücumundan sonra yanğın baş verib. Müəssisə ildə 7 milyon ton neft emal edə bilir. O, sentyabrın 22-də də hücuma məruz qalmış, ərazidəki yanan neft çənləri kosmosdan görünmüşdü.
Ukraynanın monitorinq kanalları gecə “Transneft”ə məxsus Novokuybışevsk Neft Emalı Zavodunun və “Samara” xətti istehsal-dispetçer stansiyasının da hücuma məruz qalmış ola biləcəyini yazıb.