QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, gecə və səhər tezdən gələn gözlənilməz zənglər insanda təhlükə hissi oyada, bədənin gərginləşməsinə səbəb ola bilər. Belə hallarda simpatik sinir sistemi aktivləşir, ürək döyüntüləri sürətlənir. Psixoloq Aytən Ələkbərova vaxtsız zənglərin insan psixikasına ciddi təzyiq göstərə bildiyini deyib.

Ələkbərovanın sözlərinə görə, mesajla zəngin insana təsiri eyni deyil. Mesajı alan şəxs məzmunu oxuyub düşünmək və uyğun vaxtda cavab vermək imkanı qazanır. Zəng isə dərhal reaksiya gözləntisi yaradır. Hər an əlçatan olmaq və gələn zəngləri dərhal cavablandırmaq ehtiyacı emosional yorğunluğa gətirə bilər.

Psixoloq bildirib ki, son dövrlər insanların səsli ünsiyyətdən yayınması daha çox nəzərə çarpır. Mesajlaşma isə qarşı tərəfə ünsiyyətin gedişinə nəzarət etdiyi hissini verir. İnsanlar dərhal cavab vermək əvəzinə diqqətlərini toplayıb fikirlərini daha aydın ifadə edə biləcəklərini düşünürlər. Maraqlı hesab etdikləri şəxslərdən gələn zəng və mesajlara tez reaksiya göstərsələr də, digər zənglər gözləntilərinə uyğun gəlməyə bilər. Ələkbərova vurğulayıb ki, təşvişin səbəbi çox vaxt telefonun özü yox, ondan gələ biləcək xəbərdir.

Ekspert rəqəmsal asılılığın, telefon və sosial şəbəkələrin insanlarda ünsiyyət illüziyası yaratdığını da qeyd edib. Onun fikrincə, insanlar virtual ünsiyyətdə olduqları şəxslərlə uzun müddət danışdıqlarına və dərin dostluq qurduqlarına inana bilərlər. Ancaq üz-üzə görüş zamanı münasibətin gerçək xarakteri üzə çıxır. Müasir həyatın bir parçasına çevrilmiş bu vəziyyətlərin hamısını psixoloji gərginlik saymaq olmaz.

Ələkbərova canlı ünsiyyətdən yayınmanın səbəblərindən birinin sosial narahatlıq olduğunu bildirib. İnsanlar başqalarının onları necə qiymətləndirəcəyindən, söhbət zamanı səhv edəcəklərindən və ya rədd olunacaqlarından çəkinirlər. “Çox danışsam, qarşı tərəf qıcıqlanar” düşüncəsi bəzilərini üzbəüz və telefonla danışmaq əvəzinə qısa mesaj yazmağa yönəldir.

Psixoloqun sözlərinə görə, xüsusən gənclərin zənglərdən və görüşlərdən qaçıb yazışmanı seçməsinin arxasında mənəvi yaxınlıqdan qorxu da dayana bilər. Bəzi insanlar qarşı tərəfin onları yaxından tanımasını istəmir və qısa müddətli yaxınlıqdan sonra münasibəti “bizdə alınmadı” düşüncəsi ilə bitirməyə üstünlük verirlər.

Ələkbərova bütün bu amillərin bir araya gələrək psixoloji yorğunluq, stress və depressiv əhval yarada bildiyini söyləyib. Gündəlik çətinliklərin öhdəsindən gəlməkdə zorlanan insanlar bu yorğunluqdan yayınmaq üçün canlı ünsiyyəti və zəngləri azaltmağa çalışırlar.