QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Gəncə sakini İradə Səidovanın həyat yoldaşına böyrəyini verməsi donor sağlamlığı və transplantasiya ilə bağlı sualları gündəmə gətirib. Terapevt Rasif Bağırov donorla orqanı qəbul edən şəxsin uyğunluğunun necə müəyyənləşdirildiyini və köçürülmüş böyrəyin fəaliyyət müddətinə təsir edən amilləri açıqlayıb.
Həkimin sözlərinə görə, əməliyyatdan qabaq böyrəyin histoloji xüsusiyyətləri, həmçinin donor və resipiyentin immunoloji və genetik göstəriciləri yoxlanılır. Bu araşdırmalar orqanın xəstənin orqanizminə uyğunluğunu müəyyən etməyə xidmət edir.
Bağırov bildirib ki, transplantasiyada tam, yəni 100 faizlik uyğunluq mümkün olmur. İmmunoloji fərqlər səbəbindən əməliyyatdan sonra köçürülmüş böyrəyin rədd edilməsinin qarşısını alan preparatlar təyin edilir. Onların qəbulu uzun müddət, çox vaxt isə ömür boyu davam edir.
Terapevt qeyd edib ki, transplantasiya edilmiş böyrəyin funksiyası insanın öz orqanının fəaliyyəti ilə eyni deyil. Müalicə aparılsa belə, zamanla onun işində zəifləmə baş verə bilər. Bəzi xəstələr uzun müddət keçdikdən sonra yenidən böyrək köçürülməsinə ehtiyac duyurlar.
Transplantasiyanın nəticəsinə donorun və resipiyentin yaşı da təsir göstərir. Yaşlı şəxslərdə proses daha mürəkkəb ola bilər, lakin əsas meyarlar uyğunluq və digər tibbi göstəricilərdir.
Bağırovun sözlərinə görə, böyrək transplantasiyası xəstəyə uzun illər yaşamaq imkanı yaradır. Bəzi hallarda köçürülmüş böyrək təxminən 20 il fəaliyyət göstərə bilir. Bununla belə, müddət fərdi olur və orqanın işinə müxtəlif amillər təsir edir.
Bir böyrəyini bağışlayan şəxsin sağlamlığı da xüsusi diqqət tələb edir. Əməliyyatdan öncə digər böyrəyin fəaliyyəti, donorun ümumi səhhəti və uzunmüddətli risklər qiymətləndirilməlidir. Bir böyrəklə yaşamaq mümkündür, ancaq bu, müntəzəm müayinə və həkim nəzarəti ehtiyacını aradan qaldırmır.