QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, payız-qış mövsümündə respirator virusların yayılması və məktəb, bağçalarda uşaqların sıx ünsiyyəti xəstələnmə hallarını artıra bilər. Mövsüm dəyişiklikləri uşaqların immun sisteminə, qidalanmasına və gündəlik fəaliyyətinə də təsir göstərir.

Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nuranə Hüseynova mövsümi keçidlərdə uşaqlarda yaranan sağlamlıq riskləri və qoruyucu tədbirlər barədə danışıb. Onun sözlərinə görə, temperaturun kəskin dəyişməsi, rütubət və günəş işığının azalması uşaqlara təsirsiz ötüşmür. Uşaqların orqanizmi temperatur və rütubət fərqlərinə böyüklərdən daha həssasdır.

Həkim virusların payız-qışda çoxalmasını təkcə fəsil dəyişikliyi ilə izah etməyin doğru olmadığını bildirib. Yay tətilindən sonra məktəb və bağçalara qayıdan uşaqlar qapalı məkanlarda daha uzun müddət qalır və bir-biri ilə sıx təmasda olur. Bu da yoluxma ehtimalını yüksəldir.

Nuranə Hüseynova valideynlərə uşaqları qalın bir geyim əvəzinə bir neçə qat pambıq paltarla geyindirməyi məsləhət görüb. O, qidalanmada C vitamini, sink və antioksidant tərkibli ərzaqlara yer verilməsinin vacibliyini də qeyd edib.

Pediatr keyfiyyətli yuxunun immun sisteminin dəstəklənməsində əhəmiyyət daşıdığını vurğulayıb. Uşaqların hər gün eyni vaxtda yatması və yaşlarına uyğun qədər dincəlməsi tövsiyə edilir. Soyuq havada su içmək azalsa da, uşaqların yetərli maye qəbul etməsinə nəzarət etmək lazımdır.

İnfeksiyaların yayılma riskini azaltmaq üçün uşaqlara əllərini sabunla ən azı 20 saniyə yumaq öyrədilməli, yaşayış sahələri mütəmadi havalandırılmalıdır. Otaqdakı rütubətin 40-60 faiz səviyyəsində saxlanması da tövsiyələr arasındadır. Həkimlə məsləhətləşmədən antibiotik və immunstimullaşdırıcı preparatlardan istifadə etmək düzgün deyil.

Hüseynovanın bildirdiyinə görə, payız və qış aylarında uşaqlarda kəskin respirator virus infeksiyaları, qrip, rotavirus, allergik rinit, bronxit, bronxial astma, faringit və tonzillitə daha çox rast gəlinə bilər.

Mövsümi dəyişikliklər qidalanma vərdişlərinə də təsir edir. Hava soyuyanda orqanizm daxili hərarəti qorumaq üçün daha çox enerji sərf etdiyindən uşaqların iştahı arta, un məmulatları, şirniyyat və karbohidratlı qidalara marağı güclənə bilər. Soyuq aylarda isti şorba, püre və ətli yeməklərə üstünlük verilməsi də müşahidə olunur.

Pediatr qeyd edib ki, günlərin qısalması və günəş işığının azalması, yuxu rejiminin dəyişməsi, fiziki fəallığın zəifləməsi uşaqlarda halsızlıq, həvəssizlik və zehni yorğunluq yarada bilər. Bu amillər dərs zamanı diqqəti cəmləməyi çətinləşdirə bilər.

Xəstəliklərin qarşısının alınmasında mövsümi qrip peyvəndi, eləcə də Milli Peyvənd Təqviminə uyğun vaksinlər əhəmiyyətlidir. Hüseynova uşaqları soyuqdan tam təcrid etməməyi, küləksiz və yağışsız günlərdə hava soyuq olsa belə, 30-40 dəqiqə açıq havada gəzdirməyi tövsiyə edib.

Profilaktik tədbirlərə evdə temperaturu 20-22 dərəcə arasında saxlamaq və uşaqların burun selikli qişasını fizioloji məhlulla təmizləmək də daxildir. Pediatr valideynləri mövsüm dəyişiklikləri zamanı uşaqların sağlamlığına diqqət yetirməyə, düzgün qidalanma, yuxu və gigiyena qaydalarını gözləməyə çağırıb.