QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, bəzi otaq bitkilərinin tərkibindəki zəhərli maddələr pişik və itlər üçün təhlükəli ola bilər. Bioloq Dmitri Safonov ev heyvanı saxlayanlara evdə yetişdirilməməsi tövsiyə olunan bitkilərin adlarını açıqlayıb.

Mütəxəssis zanbaq, rododendron, cücərmiş lalə soğanağı və aloe veranın heyvanlar üçün risk yaratdığını bildirib.

Zanbaq xüsusilə pişiklər üçün təhlükəlidir. Bitkinin bütün hissələri, hətta tozcuqları və içində zanbaq saxlanılan vazadakı su belə pişiklərdə kəskin böyrək çatışmazlığına səbəb ola bilər. Bu bitkinin itlərə təsiri daha zəif olsa da, onlar üçün də zərərli hesab olunur.

Rododendronun tərkibindəki qlikozidlər pişik və itlərdə qusma, qıcolma, eləcə də koma yarada bilər. Lalə soğanaqları isə tərkibində olan alkaloidlərə görə ev heyvanları üçün təhlükə mənbəyidir.

Aloe vera insanlara faydalı xüsusiyyətləri ilə tanınsa da, heyvanların sağlamlığına mənfi təsir edə bilər. Bioloqun sözlərinə görə, onun yeyilməsi halsızlıq, iştahasızlıq və qusmaya gətirib çıxara bilər.

Safonov xəbərdarlıq edib ki, ev heyvanı bu bitkilərdən hər hansı birini yedikdə vaxt itirmədən baytarlıq klinikasına aparılmalıdır. Zəhərlənməyə səbəb olan maddənin müəyyənləşdirilməsinə kömək üçün bitkinin bir hissəsini də klinikaya aparmaq tövsiyə olunur.