QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, qəhvəni içmədən onun ətrini duymaq əhval-ruhiyyəyə müsbət təsir göstərə və gərginliyi azalda bilər. Bu nəticə Yaponiyanın Shova Əczaçılıq Universitetində aparılmış araşdırmada əldə olunub.
Tədqiqatçılar təzə dəmlənən qəhvənin qoxusunun psixoloji vəziyyətə və beyin fəaliyyətinə təsirini araşdırıblar. “Nutrients” elmi jurnalında yayımlanan araşdırmaya 20-29 yaşlarında olan 20 sağlam könüllü cəlb edilib. Onlar beş dəqiqə qəhvə ətrinə məruz qalıblar.
Müşahidələrdən sonra iştirakçıların yorğunluq, narahatlıq, gərginlik və mənfi əhval-ruhiyyə səviyyələrində azalma qeydə alınıb. Beyin fəaliyyətinin təhlili isə rahatlama ilə bağlı indeksin yüksəldiyini göstərib.
Ürək döyüntüsü və ürək ritminin dəyişkənliyi baxımından əhəmiyyətli dəyişiklik müəyyən edilməyib. Alimlər araşdırmada iştirakçı sayının azlığını və nəzarət qrupunun olmamasını məhdudiyyətlər kimi qeyd ediblər. Buna görə də qəhvə ətrinin stressi azaltdığı barədə nəticələr qəti elmi sübut sayılmır və əlavə araşdırmalarla yoxlanmalıdır.