QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, müğənni Xatirə İslam Xalq artisti İslam Rzayevi doğum günündə yad edib.
Sənətçi qəbiristanlığa gedərək müəlliminin məzarını ziyarət edib. Əvvəlcə məzarı təmizləyib, daha sonra onun ruhuna dualar oxutdurub.
Xatirə İslam məzarlıqdan çəkdiyi videonu sosial şəbəkədə paylaşıb. O, paylaşımında “Allah rəhmət sizə etsin gözəl qəlbli müəllimim, sənətkarım” sözlərini yazıb.
İslam Rzayev 1934-cü il noyabrın 11-də Füzuli rayonunun Sərdarlı kəndində anadan olub. Musiqi təhsilini Bakıda, Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda alıb.
1958-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti olub. Sənətkar bəstəkar əsərlərini də ifa edib; Cahangir Cahangirovun “Nəsimi” və “Aşıq Alı” kantatalarında solo partiyanı səsləndirib. İfa etdiyi “Çahargah”, “Bayatı-Kürd”, “Mahur–Hindi” və “Rast” muğam dəstgahları AzTV-nin fonduna daxil edilib.
Xalq artisti 70-dən çox qastrol səfərində iştirak edib, Fransa, İngiltərə, İran, İraq, Əlcəzair, Türkiyə, İsrail, Kolumbiya, Peru, Kuba, Yaponiya, Hindistan və Nepalda Azərbaycan mədəniyyətini təmsil edib. İslam Rzayev 2008-ci il yanvarın 26-da Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.