QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda satış üçün saxlanılan 400 tondan artıq istifadəyə yararsız və insan sağlamlığı üçün təhlükəli toyuq əti ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluq və Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında bildirilir ki, pozuntu “Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi” MMC-nin Xızı rayonundakı saxlama anbarlarında aşkarlanıb. Yoxlama zamanı son istifadə müddəti keçmiş və korlanmış toyuq məhsullarının yararlı məhsullarla yanaşı saxlanıldığı müəyyən edilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi faktla bağlı cinayət işi açıb. İstintaq materiallarına əsasən, cəmiyyətə faktiki rəhbərlik edən Mahir Mirzəyev, direktor Elşən Usubov və kəsim sexinin müdiri Nazim Məmmədov qabaqcadan əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə ediblər.
Onlar təhlükəli qida məhsullarını külli miqdarda satış məqsədilə saxlama və ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Binəqədi Rayon Məhkəməsi Elşən Usubovun həbs olunması, Mahir Mirzəyev və Nazim Məmmədovun isə ev dustaqlığında saxlanılması barədə qərar verib. İstintaq və əməliyyat-axtarış tədbirləri davam edir.