QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Xaçmazda qohumu Emin Cəlilovu öldürməkdə təqsirləndirilən 38 yaşlı Rafiq Həbibovun məhkəmə prosesi yekunlaşıb. O, həbs edilməyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırma zamanı Həbibovun əməli anlaqsız vəziyyətdə törətdiyi təsdiqlənib. Məhkəmə onu cinayət məsuliyyətindən azad edərək psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərib.
İş üzrə ifadəsindən məlum olub ki, Həbibov anasının yaxın qohumu Şahnisə Cəlilovanı ona cadu etməkdə günahlandırıb və ailəsinin dağılmasına görə məsul tutub. O, dəfələrlə qadının evinə gedərək cadunun götürülməsini tələb edib. Şahnisə Cəlilova isə belə bir şeyin olmadığını deyib. İstədiyinə nail ola bilməyən Həbibov onu öldürmək qərarına gəlib.
Bu məqsədlə tüfəng götürərək qadının yaşadığı ünvana gedən Rafiq Həbibov onun oğlu Eminə atəş açıb və onu öldürüb. Daha sonra niyyətinə çatdığını düşünərək hadisə yerindən çıxıb, ardınca polisə təslim olub.