QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, qədim Azərbaycan parça növlərindən alxaranı müasir moda ilə bir araya gətirən “Alkhara” geyim brendinin növbəti təqdimatı keçirilib. Tədbirdə iştirakçılara brendin yanaşması, parçaların hazırlanması, milli geyim ənənələrinin qorunması və onların müasir dəblə tanıdılması barədə məlumat verilib.

“Alkhara: Nağıllar gerçəkləşir” şüarı ilə təşkil olunan təqdimatda qədim naxışları, rəngləri və estetik xüsusiyyətləri əks etdirən xüsusi geyim kolleksiyaları nümayiş etdirilib. Modellərdə ənənəvi motivlərin müasir dizaynla uzlaşdırılması diqqət çəkib.

Brendin təsisçisi və dizayneri Kövsər Orucbəyli bildirib ki, layihə Azərbaycanın milli irsinə aid olan və hazırda nadir rast gəlinən alxara parçasından ilhamlanaraq yaradılıb. O qeyd edib ki, məqsəd qədim parça və geyim ənənələrini yaşatmaq, milli irsi müasir moda vasitəsilə dünyaya tanıtmaq, həmçinin yerli tekstil və dizayn işlərini beynəlxalq moda səhnəsində təmsil etməkdir.

Təqdim olunan geyimlər qonaqların marağına səbəb olub. İştirakçılar təəssüratlarını bölüşərək milli naxışların müasir geyimlərdə tətbiqini və qədim tekstil ənənələrinin davam etdirilməsini yüksək qiymətləndiriblər.

“Alkhara”nın ilk təqdimatı daha əvvəl keçirilmiş, həmin vaxt brendin yaranma ideyası, milli parça ənənələrinə söykənən konsepsiyası və qarşıya qoyduğu hədəflər ictimaiyyətə çatdırılmışdı. Yeni tədbirdə kolleksiyaların nümayişi və brendin yaradıcılıq xəttinin daha geniş auditoriyaya təqdim edilməsi layihənin davamı kimi diqqətə çatdırılıb.

Brend ənənə ilə müasirliyi birləşdirməklə milli mədəni irsin yeni nəsillərə ötürülməsinə və Azərbaycan dəbinin tanıdılmasına töhfə verməyi qarşıya məqsəd qoyur.