QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 1965-ci ildə Bricit Bardodan dünyanın ən gözəl qadınının kim olduğu soruşulanda fransız aktrisa tərəddüd etmədən Virna Lizinin adını çəkib.
İtaliyalı aktrisa qeyri-adi görünüşü, sarı saçları və ifadəli gözləri ilə seçilirdi. Onun xarici görünüşü Hollivudun diqqətini də cəlb etmişdi. Merilin Monronun 1962-ci ildə vəfatından sonra Liziyə onun davamçısı kimi baxmağa başladılar. Aktrisaya əsas rollar təklif olunur, onu yeni kino seks-simvolu kimi tanıtmağa çalışırdılar.
Lakin Lizi yalnız gözəlliyinə görə tanınmaq niyyətində deyildi. O, xarici görünüşünün karyerasını müəyyənləşdirməsini istəmirdi. Aktrisa sonradan Ceyn Fondanın rol aldığı “Barbarella” filmində baş qəhrəmanı canlandırmaq təklifini də qəbul etmədi.
1960-cı illərin sonlarında Lizi Paramount studiyası ilə müqaviləsinə xitam verdi. Buna səbəb studiyanın onu daim gözəl, sarışın qadın obrazında görmək istəməsi idi. Aktrisa isə daha mürəkkəb və dramatik personajları oynamağa can atırdı.
Lizi öz gözəlliyini də birmənalı qarşılamırdı. O, kukla kimi görünməkdənsə, maraqlı və ağıllı simaya sahib olmağı arzuladığını bildirirdi. Bir dəfə belə demişdi: “Qırışların yaranmasını səbirsizliklə gözləyirəm. Bəlkə də onda insanlar nəhayət məni daha ciddi qəbul etməyə başlayacaqlar”.
Aktrisa istədiyi rolları 1994-cü ildə “Kraliça Marqo” filmində Yekaterina Mediçini canlandırarkən əldə etdi. Bu obraz ona Kann kinofestivalının mükafatını, eləcə də Fransanın nüfuzlu “Sezar” kino mükafatını qazandırdı.
Lizi 1960-cı ildə italyan memar Franko Peski ilə ailə qurmuşdu. Onların nikahı yarım əsrdən artıq davam etdi. Aktrisa ailəsini ön planda tutur, həyat yoldaşı və oğlunun yanında olmaq üçün kino fəaliyyətini tamamilə dayandırmağı da düşünürdü.
Franko ağır xəstələnəndə Lizi ömrünün sonunadək onun yanında qaldı. Həyat yoldaşının 2013-cü ildə ölümündən sonra aktrisa bir ildən bir qədər çox yaşadı.
Virna Lizi 2014-cü il dekabrın 18-də, 78 yaşında Romada vəfat etdi. O, yalnız gözəlliyi ilə deyil, istedadı, xarakteri və sənətdə öz seçimini etmək cəsarəti ilə də yadda qaldı.