QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Avropa ölkələri ABŞ prezidenti Donald Trampın Moskva ilə Ukrayna müharibəsinin dayandırılmasından daha geniş məqsədləri əhatə edən razılaşma planlarından narahatdır. Söhbət Avropanın təhlükəsizlik sisteminin yenidən qurulması ehtimalından gedir.

Brüsseldə ehtiyat edirlər ki, Vaşinqton NATO-nun gələcək rolunu, ABŞ qüvvələrinin Avropadakı mövcudluğunu və qitənin təhlükəsizlik prinsiplərini Avropa müttəfiqlərinin razılığı olmadan Rusiya ilə müzakirə edə bilər.

Narahatlıq Trampın noyabrın 5-də Ağ Evdə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşündən sonra daha da artıb. ABŞ prezidenti tərəflərin Ukrayna münaqişəsindən kənara çıxan geniş razılaşmaya yaxınlaşdığını deyib.

“Bu, çox böyük bir saziş olacaq. O, təkcə Ukraynaya aid olmayacaq. Hətta deyə bilərəm ki, bütün Avropanı əhatə edə bilər. Bu, böyük, möhtəşəm bir sövdələşmə olacaq və hamı məmnun qalacaq”, – Tramp mümkün razılaşmanın təfərrüatlarını açıqlamadan bildirib.

Həmin gün Ağ Evdə Ukrayna nümayəndəsi David Arahamiya da olub, lakin Tramp onunla görüşməyib və Dmitriyevlə ayrıca söhbət aparıb. Ukrayna nümayəndəsi bu təmasda iştirak etməyib.

Eyni vaxtda Trampın kürəkəni və Ukrayna üzrə danışıqlarda iştirak edən Cared Kuşner Rusiyanın da yer alacağı yeni Avropa təhlükəsizlik sisteminin qurulmasını təklif edib. Onun sözlərinə görə, ABŞ administrasiyası hərbi əməliyyatları dayandırmaqla kifayətlənməyərək, gələcək münaqişələrin qarşısını ala biləcək uzunmüddətli mexanizmlər yaratmağa çalışır.

“Bizim məqsədimiz bütün tərəflərin təhlükəsizlik maraqlarını nəzərə alan praktiki razılaşmalar hazırlamaq, gələcək münaqişələrin riskini azaltmaq, daha sabit və proqnozlaşdırıla bilən təhlükəsizlik mühiti yaratmaqdır”, – Kuşner deyib.

O, mümkün sazişin beş istiqamətini sadalayıb: təhlükəsizlik üzrə daimi məsləhətləşmələr, böhranlarda işlək rabitə kanalları, hərbi fəaliyyətin şəffaflaşdırılması, gərginlik riskini azaltmağa yönələn qarşılıqlı addımlar və Avropanın uzunmüddətli təhlükəsizlik sisteminin yaradılması.

Bu təşəbbüs Avropa paytaxtlarında kəskin narahatlıqla qarşılanıb. NATO diplomatları, Aİ nümayəndələri və milli hökumət rəsmiləri arasında keçirilən sorğuda iştirakçıların bildirdiyinə görə, Vaşinqton müttəfiqlərini planları barədə qabaqcadan məlumatlandırmayıb. Alyansın üç diplomatı da tərəfdaşlara izahat verilmədiyini təsdiqləyib.

“Kuşnerin konkret olaraq nəyi nəzərdə tutduğu tam aydın deyil. Avropada ümumi qənaət belədir ki, Rusiya ilə gələcək təhlükəsizlik arxitekturasına dair istənilən danışıqlar Moskva tərəfindən öz tələblərini legitimləşdirmək üçün istifadə olunacaq. Avropa müttəfiqləri buna razı olmayacaqlar”, – NATO diplomatlarından biri bildirib.

Yüksək vəzifəli avropalı rəsmilərdən biri Kuşnerin sadaladığı təkliflərin zahirən məqbul göründüyünü, amma onların arxasında daha böyük siyasi və geosiyasi razılaşmaların ola biləcəyindən ehtiyatlandığını söyləyib.

“Formal baxımdan irad tutulacaq bir məqam yoxdur. Lakin biz bilirik ki, pərdə arxasında başqa proseslər gedir”, – o vurğulayıb.

Avropa hökumətləri ABŞ-ın Moskva ilə qitənin təhlükəsizlik qaydalarını yenidən müəyyənləşdirməyə çalışacağından və bunun Rusiyanın qonşuları üzərində xüsusi təsir dairəsi iddiasını faktiki qəbul etmək anlamına gələ biləcəyindən çəkinirlər.

“Müharibə başa çatana qədər Avropanın təhlükəsizliyi ilə bağlı paralel danışıqlar aparılmayacaq. Üstəlik, Rusiyanın nə istədiyini bilirik və bu, baş verməyəcək”, – Avropa rəsmilərindən biri bildirib.

Avropalı həmsöhbətlərin fikrincə, NATO-nun funksiyalarına yenidən baxılması və ya alyansın qitədəki hərbi mövcudluğunun azaldılması mümkün güzəştlər arasında deyil. Belə qərarlar bütün Avropa ölkələrinə təsir edir və yalnız ABŞ-la Rusiya arasında qəbul oluna bilməz.

Danışıqların formatı, razılaşdırılmış sənədin olub-olmaması və Vaşinqtonun Moskva ilə hansı öhdəlikləri müzakirə etmək niyyətində olduğu isə aydın deyil.

“Bütün bu danışıqlar çox qeyri-mütəşəkkil, xaotik və qeyri-ardıcıl. Hətta müzakirə olunan konkret sənəd və ya saziş layihəsi də yoxdur”, – Avropa rəsmilərindən biri qeyd edib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas noyabrın 6-da Rusiyanın şərtlərinə uyğun olaraq mövcud təhlükəsizlik mexanizmlərinin dəyişdirilməsi təklifini rədd edib.

“Bizim artıq Avropa təhlükəsizlik arxitekturamız var – NATO və Avropa İttifaqı. Hər birinin öz rolu var. Biz Ukraynanın bu arxitekturaya inteqrasiyasını təmin etməliyik. Problem ondadır ki, Rusiya onun əsasını təşkil edən müqavilələri pozmaqda davam edir. Putinin Avropanın təhlükəsizliyinə veto qoymaq hüququ yoxdur”, – Kallas Varşavada keçirilən mətbuat konfransında bildirib.

O, NATO-nun 2021-ci ildə də, hazırda da Rusiya üçün təhlükə olmadığını deyib. Kallasın sözlərinə görə, Moskvanın alyansın fəaliyyətini məhdudlaşdırmaq cəhdləri Avropa təhlükəsizlik sistemini yenidən nəzərdən keçirmək üçün legitim səbəb sayıla bilməz.

Polşanın xarici işlər naziri Radoslav Sikorski də Avropa müttəfiqləri olmadan Vaşinqton və Moskva arasında razılaşma əldə edilməsinə qarşı çıxıb.

“Ukraynanın və Avropanın gələcəyi ilə bağlı bizim başımızın üstündən bağlanacaq saziş nəinki məntiqsiz olardı, həm də faktiki olaraq mümkün deyil”, – Sikorski deyib.

Varşavadakı görüşlərdə olan Ukraynanın xarici işlər naziri Andrey Sibiha Rusiyanın Avropa təhlükəsizliyinə təminat vermək iddiasını qəbul etməyib.

“Biz Rusiyanın Avropada təsir dairələrini müzakirə etməli deyilik. Əksinə, Rusiyadan özümüzü necə qorumalı olduğumuz barədə danışmalıyıq”, – Sibiha vurğulayıb.

Şimali Avropa və Baltikyanı ölkələrin səkkiz dövlətinin rəhbərlərinin görüşündən sonra Litva prezidenti Gitanas Nauseda da Ukrayna müharibəsinin başa çatdırılması üzrə danışıqlarda və gələcək Avropa təhlükəsizlik sisteminin qurulmasında Avropa ölkələrinin iştirak etməli olduğunu bildirib.

Avropa diplomatları Rusiya ilə danışıqlara prinsipcə qarşı çıxmasalar da, müharibə davam edərkən və Avropa dövlətləri masada olmayanda müharibədən sonrakı təhlükəsizlik modelinin həllini mümkün saymırlar.

“Kiyevdə və Avropanın digər paytaxtlarında danışıqlarda iştirak etmək istəyi var. Rusiyaya etimad səviyyəsi isə olduqca aşağıdır. Bununla belə, Avropa İttifaqı bu prosesi bloklamır”, – Avropa diplomatlarından biri bildirib.

Həmin diplomatın qənaətinə görə, ABŞ administrasiyası Ukrayna müharibəsinin Avropa üçün əhəmiyyətini və Kiyev üçün əlverişsiz nəticənin qitə üçün yarada biləcəyi təhlükəni lazımi dərəcədə qiymətləndirmir.

“Trampın ətrafı bu münaqişənin Avropa üçün nə qədər vacib olduğunu və Ukrayna üçün əlverişsiz nəticənin bütün Avropa baxımından nə qədər təhlükəli ola biləcəyini lazımi səviyyədə dərk etməyib”, – o qeyd edib.

Avropanın narahatlığını artıran başqa bir məqam dekabrda ABŞ-ın qitədəki hərbi mövcudluğuna yenidən baxılması ehtimalıdır. NATO diplomatları Tramp administrasiyasının Amerika qoşunlarının sayını azaltmağı Moskva ilə mümkün razılaşmanın şərtlərindən biri edə biləcəyindən ehtiyatlanırlar.

“Bu, otaqdakı fildir. Bir məsələ Avropanın təhlükəsizlik arxitekturasını ABŞ-ın hazırkı hərbi mövcudluğu şəraitində müzakirə etməkdir. Tamamilə başqa məsələ isə gələcəkdə necə formalaşacağı bəlli olmayan şəraitdə belə müzakirələr aparmaqdır”, – NATO diplomatlarından biri deyib.

ABŞ qüvvələrinin Avropadan çıxarılması və ya sayının azaldılması ehtimalı ayrıca narahatlıq doğurur. Birləşmiş Ştatlar NATO-nun hərbi imkanlarının mühüm hissəsini, o cümlədən strateji kəşfiyyat, logistika, raketdən müdafiə və nüvə çəkindirməsi sahələrini təmin edir. Buna görə Vaşinqtonun hərbi siyasətində dəyişiklik Avropadakı qüvvələr balansına ciddi təsir göstərə bilər.

Avropa ölkələrinin sülh danışıqlarında kimin onları təmsil etməsi və ABŞ qərarlarına hansı yollarla təsir göstərməyin mümkünlüyü barədə ortaq mövqeyi də yoxdur.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin baş müşaviri Byorn Zaybert noyabrın 6-da milli təhlükəsizlik müşavirlərinin məsləhətləşmələrindən sonra Aİ üzvü ölkələrin səfirlərinə brifinq verib.

Paytaxtlar vahid mövqe hazırlamağa çalışsa da, diplomatik proses ortaq qərar qəbul etməyə imkan verməyəcək qədər sürətlə irəliləyir.

“Hadisələr çox sürətlə cərəyan edir”, – Aİ diplomatlarından biri deyib.

Ukrayna və Rusiya ilə mümkün danışıqların gələn həftə Dublində keçiriləcək Avropa liderlərinin qeyri-formal görüşündə də müzakirə edilməsi gözlənilir. Əvvəlcə süni intellekt mövzusuna həsr olunması planlaşdırılan toplantının gündəmi Vaşinqtonun son diplomatik təşəbbüsləri ilə əlaqədar dəyişə bilər.

Avropanın əsas narahatlığı təkcə Trampın Rusiya ilə razılaşma ehtimalı deyil. Qitənin gələcəyinə təsir edən qərarların Avropa ölkələrinin iştirakı olmadan qəbul edilməsi riski də ciddi qayğı yaradır.