QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, Xəzər dənizinin sahilboyu ərazilərinin idarə olunmasında hər hansı bir ölkənin modelini olduğu kimi tətbiq etmək mümkün deyil. Bu sahədə müxtəlif dövlətlərin təcrübəsi araşdırılır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev bunu sahil ərazilərində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Xorvatiya və Cənubi Koreyanın idarəetmə, eləcə də rəqəmsal monitorinq sistemləri xüsusi diqqətlə öyrənilir. Ölkələrin sahilboyu əraziləri və idarəetmə mexanizmləri fərqləndiyi üçün konkret bir modelin Azərbaycanda bütövlükdə tətbiqi məqsədəuyğun sayılmır.

Əliyev qeyd edib ki, Xorvatiyada bəzi hallarda sahil ərazilərinin idarəsində yerli icmaların payı dövlət qurumlarının rolundan daha böyükdür. Bu, həmin ölkənin özünəməxsus idarəetmə sistemi olduğunu göstərir. Azərbaycanın Cənubi Koreya ilə də bu sahədə əməkdaşlığı var. Müvafiq təcrübəni öyrənmək üçün əməkdaşlar Xorvatiya və Cənubi Koreyaya ezam ediliblər.

Beynəlxalq təcrübənin öyrənilməsi ərazilərin idarə olunması ilə yanaşı, elektron sistemlərin tətbiqini və mütəmadi monitorinq mexanizmlərini də əhatə edir. Hüseyn Əliyevin sözlərinə görə, 400-500 kilometrlik əraziyə fiziki qaydada gecə-gündüz nəzarət etmək, bunu işçi qüvvəsi və müşahidə postları ilə təmin etmək mümkün deyil. Buna görə də nəzarət rəqəmsal idarəetmə sistemləri vasitəsilə aparılmalı, daimi monitorinq qurulmalıdır.

O, Türkiyədə də sahilboyu ərazilərin idarə edilməsinə dair müxtəlif yanaşmaların olduğunu bildirib. Həmçinin Avropa İttifaqının bu sahədə xüsusi qanunvericilik çərçivəsi mövcuddur və ayrı-ayrı ölkələr öz idarəetmə sistemlərini həmin çərçivəyə uyğunlaşdırır.