QafqazNews Manset.az-a istinadən xəbər verir ki, “Azərişıq” ASC Özbəkistan Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma proqramlarını davam etdirir.
Şirkət mütəxəssislərinin iştirakı ilə “35-110 kV-luq paylayıcı elektrik şəbəkələrin elektrik avadanlıqlarının qəza və normal iş rejimlərində istismarı, təmiri və əməliyyat çevirmələri” mövzusunda növbəti kurs keçirilib.
Peşəkar hazırlıq Dünya Bankının maliyyələşdirdiyi “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində təşkil olunub.
Proqramın əsas məqsədi Özbəkistanın enerji sahəsində fəaliyyət göstərən mühəndis-texniki əməkdaşların peşəkarlığını artırmaq, müasir texnologiyaların tətbiqi ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Azərbaycan və Özbəkistan energetikləri arasında təcrübə mübadiləsini genişləndirməkdir.
İştirakçılar nəzəri hazırlıqla yanaşı, real elektrik avadanlıqları və xüsusi təlim qurğularından istifadə edərək praktiki işlər görüblər. Bu tapşırıqlar əldə olunan biliklərin istehsalat şəraitində tətbiqinə və peşə bacarıqlarının möhkəmləndirilməsinə imkan yaradıb.
Kursun sonunda iştirakçıların hazırlıq səviyyəsi qiymətləndirilib, proqramı bitirənlərə “Azərişıq” ASC-nin sertifikatları təqdim olunub.