QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda çimərlikdə baş verən mübahisə zamanı 38 yaşlı kişi başqa bir şəxsin sağ qulağını dişləyib. Xəzər Rayon Məhkəməsi onun barəsində cinayət təqibinə xitam verərək cinayət məsuliyyətindən azad edilməsi barədə hökm çıxarıb.

Hadisə 2025-ci il iyulun 10-da, saat 18:20 radələrində Şüvəlan qəsəbəsindəki adsız çimərlikdə qeydə alınıb. Şərur rayonunda yaşayan, 1988-ci il təvəllüdlü Qurban ailəsi ilə istirahət etdiyi vaxt mobil telefonla qohumu ilə görüntülü danışıb. Bu zaman motosiklet sürən Elman yaxınlıqda dayanıb.

İttihama görə, Elman motosikletdən enərək Qurbanı onu telefonla çəkməkdə günahlandırıb və buna görə kobud şəkildə irad bildirib. Qurban isə çəkiliş etmədiyini, görüntülü danışdığını söyləyib. Mübahisə zamanı Elman başı ilə onun üzünə zərbə vurub və Qurban yerə yıxılıb. Ardınca Qurban Elmanın yaxasından tutaraq onunla əlbəyaxa olub, birlikdə yerə yıxıldıqdan sonra sağ qulağını dişləyib.

Qurban istintaqa verdiyi ifadədə ittihamı qəbul etdiyini bildirib. Onun sözlərinə görə, Elman telefonla çəkildiyini düşünüb yaxınlaşdıqdan sonra aralarında söz mübahisəsi yaranıb. Qurban Elmanın baş zərbəsindən burnunun qanadığını, yerə yıxılmamaq üçün özünü saxladığını və qarşı tərəfi yerə çəkərək qulağını dişlədiyini deyib.

Elman isə ifadəsində motosikletlə hərəkətdə olarkən Qurbanın onu çəkdiyini zənn etdiyini söyləyib. O, Qurbanın nalayiq sözlərindən sonra motosikletdən düşərək onun üzünə zərbə vurduğunu, dava zamanı isə Qurbanın onu yerə yıxıb qulağını dişlədiyini bildirib. Elman xəsarət səbəbilə 3 saylı şəhər xəstəxanasına müraciət edib.

Zərərçəkmiş məhkəmədə təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayətinin və tələbinin olmadığını qeyd edib. Qurban Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə xuliqanlıqda ittiham olunub. Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.