QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakının Səbail rayonunda yerləşən memarlıq abidəsinin tarixi giriş qapısı sökülüb və yerinə şüşə konstruksiya quraşdırılıb.
Üzeyir Hacıbəyov küçəsi, 9 ünvanındakı, dövlət reyestrində 3426 nömrəsi ilə qeydə alınmış abidədə baş verən müdaxilə ilə bağlı araşdırma başlanıb. Məlumatda bunun həmin ünvanda tarixi qapının dəyişdirilməsi üçün edilən ikinci cəhd olduğu qeyd olunur.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin bildirdiyinə görə, Bakı Regional İdarəsinin əməkdaşları binaya baxış keçirərkən birinci mərtəbədə qanunsuz dəyişiklik aşkarlayıblar. Giriş qapısının sökülərək şüşə konstruksiya ilə əvəzləndiyi müəyyən edilib.
Xidmətin məlumatında araşdırmanın davam etdiyi, qanunvericiliyə uyğun tədbirlərin görüldüyü bildirilib. Abidəyə vurulmuş ziyanın ödənilməsi və binanın əvvəlki görkəminə qaytarılması üçün də iş aparılır.
Qurum vətəndaşları, o cümlədən abidələrin mülkiyyətçiləri və istifadəçilərini mədəni irsin qorunmasına diqqətlə yanaşmağa və bu sahədəki qanunvericiliyə əməl etməyə çağırıb. Xidmət abidələrin mühafizəsini hər kəsin konstitusion borcu kimi qiymətləndirib.