QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlarına əsasən paytaxt rayonlarında qarlı havaya hazırlığın vəziyyəti ilə bağlı müşavirələr təşkil olunur. Görüşlərdə kommunal və təsərrüfat xidmətlərinin, idarə və təşkilatların, təhsil müəssisələrinin, həmçinin özəl sektorun nümayəndələri iştirak edir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatına görə, müşavirələrdə rayon xidmətlərinin qışa, xüsusən də güclü qar yağmasına hazırlıq səviyyəsi araşdırılır və müzakirə olunur, hansı işlərin görülməli olduğu müəyyənləşdirilir.
Növbəti görüşlər Yasamal, Nizami və Xəzər rayonlarında keçirilib. Bildirilib ki, rayon icra hakimiyyətlərində qışa hazırlıq məqsədilə yaradılan qərargahlar, kommunal-təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qar yağan günlərdə üzərlərinə düşən işləri tam yerinə yetirməyə hazır olmalıdırlar.
Qarın təmizlənməsi üçün kifayət qədər alət və inventarın — bel, kürək, ling və digər vasitələrin toplanması, duz ehtiyatının yaradılması, xüsusi texnikanın vəziyyətinin yoxlanılması barədə qurumlara tapşırıqlar verilib. Küçə və məhəllələrin təmizlənməsinə cavabdeh şəxslər müəyyənləşdirilib. Kommunal qurumların texnikası ilə yanaşı, idarə və təşkilatların, bələdiyyələrin və özəl qurumların mövcud texnikasının da işlərə cəlb olunması qərara alınıb.
Rayonlardakı idarə, təşkilat və özəl qurumların, bələdiyyələrin, eləcə də ictimai iaşə müəssisələrinin rəhbərlərinə özlərinə məxsus ərazilərin təmizlənməsində fəal iştirak etmək çağırışı edilib.