QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, “Barselona” klubu “Kamp Nou” stadionunda “Memorial FC Barcelona” adlı xatirə məkanının yaradılması layihəsini təqdim edib.

Azarkeşlər yaxınlarının külünü stadionda quraşdırılacaq 26 min xüsusi bölmədən birində saxlaya biləcəklər. Onillik istifadə üçün xidmətin qiyməti 2 490 avro, 50 il üçün isə 6 000 avro müəyyənləşdirilib. Bundan başqa, hər il 70 avro texniki xidmət haqqı tutulacaq.

Təxminən 1 500 kvadratmetr sahəni əhatə edəcək memorialın stadionun meydançasına yaxın hissədə yerləşdirilməsi nəzərdə tutulur. Burada 9 000 xatirə lövhəsi quraşdırılacaq. Layihənin 2027-ci ilin sonlarında istifadəyə verilməsi planlaşdırılır.

Xidmətdən yararlanmaq üçün klub üzvlüyü tələb olunmayacaq. Layihə dünyanın müxtəlif yerlərində yaşayan “Barselona” azarkeşlərinin istifadəsinə açıq olacaq.