QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, Bakıda avtobusların hərəkət qrafikini yaxşılaşdırmaq məqsədilə ilk dəfə “T” formalı işıqforların quraşdırılması nəzərdə tutulur. İlkin mərhələdə avadanlığın Səbail rayonunda, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki mövcud “L” tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır. Sonrakı mərhələdə sistemin paytaxtın başqa ərazilərində tətbiqi imkanları nəzərdən keçiriləcək.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun məlumatına görə, bu addım ictimai nəqliyyatın hərəkətini sürətləndirmək və gecikmələri azaltmaq məqsədi daşıyır.
Paytaxt yollarında nəqliyyat sıxlığı ictimai nəqliyyatın qrafikinə də təsir edir. Normalda 3-7 dəqiqəlik intervalla işləyən marşrut avtobusları tıxac səbəbindən dayanacaqlara 30-40 dəqiqə gec çata bilir.
Nəqliyyat məsələləri üzrə ekspert Rüfət Əmiraslanov bildirib ki, işıqforlar düzgün proqramlaşdırılarsa, digər sürücülərin hərəkətinə mane olmadan avtobusların gözləmə vaxtını azaltmaq mümkündür. Onun sözlərinə görə, sistem avtobus zolaqlarında və yolayrıclarında hərəkəti daha dəqiq tənzimləyərək marşrutların qrafikini sabitləşdirə bilər.
Ekspert yeniliyin ümumi nəqliyyat axınına təsirinin işıqfor fazalarının əlaqələndirilməsindən, yolayrıclarının quruluşundan və nəqliyyat intensivliyindən asılı olacağını qeyd edib. Düzgün tənzimləmə avtobuslara üstünlük verilməsini digər nəqliyyat vasitələrinin hərəkətinə ciddi mənfi təsir göstərmədən təmin edə bilər.
Əmiraslanov vurğulayıb ki, şəhər nəqliyyatının səmərəliliyi yoldan keçən avtomobillərin sayı ilə deyil, həmin nəqliyyat vasitələrində daşınan sərnişinlərin sayı ilə qiymətləndirilməlidir. Bir avtobusla onlarla, bəzən isə yüzlərlə insan daşındığından, ictimai nəqliyyata üstünlük verilməsi daha çox sərnişinin mənzilbaşına daha tez çatmasına şərait yaradır.
Ekspertin fikrincə, yeni işıqforlar tıxac problemini tam həll etməyəcək. Bununla belə, onların quraşdırılması avtobusların yolayrıclarında əlavə gecikməsinin və hərəkət trayektoriyasında konfliktlərin qarşısını ala bilər. Sistem düzgün tətbiq olunarsa, ictimai nəqliyyatın cəlbediciliyinin artmasına və şəhər nəqliyyatının daha səmərəli təşkilinə kömək edə bilər.