QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla ölkəsinin Qafqazda sülh və rifahın möhkəmləndirilməsi üçün birgə işini davam etdirəcəyini açıqlayıb.
Bu fikir Türkiyə Prezidentinin noyabrın 24-25-də İğdırda keçirilən “Beynəlxalq Qafqaz Konqresi”nə göndərdiyi müraciətdə yer alıb.
Ərdoğan Qafqazın tarixinin Türkiyənin tarixinin də bir parçası olduğunu qeyd edib. Onun sözlərinə görə, iki ölkə əsrlər ərzində bölgənin həm sevincini, həm də çətinliklərini paylaşıb. Ortaq keçmişin yaratdığı güc gələcək nəsillərə təhlükəsiz və dinc region miras qoymaq məsuliyyətini də artırır.
Türkiyə Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” prinsipini Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdırdıqlarını xatırladıb.
“Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur. Qarabağda qələbənin sevincini necə birlikdə yaşamışıqsa, Qafqazda sülh və rifah naminə də eyni qətiyyətlə çalışacağıq”, – Ərdoğan bildirib.
O, Zəngəzur keçidinin açılmasının Azərbaycanı Naxçıvanla birləşdirən nəqliyyat infrastrukturunu inkişaf etdirəcəyini vurğulayıb. Həmçinin bu keçidin Türkiyə ilə Türk dünyası arasında əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacağını deyib.
Ərdoğanın sözlərinə görə, İpək Yolu marşrutlarında ticarətin fəallaşması, əməkdaşlığın artırılması və xalqlar arasındakı təmasların güclənməsi bütövlükdə regiona fayda verəcək.
Türkiyə lideri ölkəsinin Qafqazla bağlı mövqeyini belə ifadə edib: “Bizim vizyonumuza görə, Qafqaz sülhün daimi xarakter aldığı, qonşuların ticarət etdiyi və hər bir ölkənin ümumi rifahdan pay aldığı bir regiondur”.
Ərdoğan konqresdəki elmi müzakirələrin və fikir mübadiləsinin ortaq gələcəyin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib.