QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ uğrunda həlak olan şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə təşəkkürünü çatdırıb və onlara sağlamlıq, əmin-amanlıq, uzun ömür arzulayıb.

Ərdoğan bildirib ki, altı il əvvəl İlham Əliyevin rəhbərliyi ilə vahid yumruq kimi birləşən Azərbaycan xalqı qəhrəmanlıq göstərərək Qarabağı azadlığına qovuşdurub. O, bu qələbənin Azərbaycanın haqlı mübarizəsinin parlaq ifadəsi, Türk dünyasının isə qürur qaynağı olduğunu vurğulayıb.

Türkiyə Prezidenti qeyd edib ki, iki ölkə arasındakı əlaqələr tarixin müxtəlif sınaqlarından keçərək indiki yüksək mərhələyə yüksəlib. Onun sözlərinə görə, “Bir millət, iki dövlət” ifadəsində əksini tapan mənəvi birlik ortaq keçmişdən güc alır və gələcəyə yol göstərir.

Ərdoğan qardaşlığın ortaq dil, tarix və mədəniyyət çərçivəsindən daha geniş olduğunu söyləyib. O, Bakının sevincini Ankaranın, Şuşanın qürurunu isə bütün xalqın qüruru saydıqlarını bildirib.