QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində ordunun inkişafı və Qələbəyə aparan yol barədə danışıb.
Dövlət başçısının sözlərinə görə, uzun illər ərzində ordu quruculuğuna, Silahlı Qüvvələrin peşəkarlığının yüksəldilməsinə, müntəzəm hərbi təlimlərə, döyüş qabiliyyətinin artırılmasına, eləcə də qoşunların müasir texnika və silahlarla təmin olunmasına xüsusi diqqət yetirilib. Bu amillər Qələbənin əldə edilməsində mühüm rol oynayıb.
İlham Əliyev bildirib ki, Qələbəyə aparan yol xalqın, əsgər və zabitlərin ürəyindən keçib və bu, ləyaqət yolu olub. Azərbaycan xalqının işğalla barışmaq fikrində olmadığını deyən Prezident, işğal illərində müxtəlif tədbirlərdə ölkənin bu mövqeyini dəfələrlə açıq şəkildə bəyan etdiyini vurğulayıb.
Prezidentin sözlərinə görə, Ermənistanı dəstəkləyən ölkələr Azərbaycanı işğalla barışdırmağa çalışır, münaqişənin hərbi həll yolunun olmadığını bildirirdilər. O, qəbuledilməz güzəştlərə sövq etmək məqsədilə müxtəlif təxribatların törədildiyini də qeyd edib.
İlham Əliyev Azərbaycan dövlətini, xalqını və rəhbərliyini gözdən salmaq üçün aparılan genişmiqyaslı qarayaxma və şər-böhtan kampaniyalarının nəticə vermədiyini söyləyib. O, Ermənistan işğal edilmiş torpaqlardan könüllü çıxmadığı təqdirdə Azərbaycanın hərbi yolla ərazi bütövlüyünü bərpa edəcəyini dəfələrlə bəyan etdiyini bildirib.