QafqazNews Patrulaz.az-a istinadən xəbər verir ki, İran ABŞ ilə sülh danışıqlarının bərpası üçün müəyyən etdiyi vaxtı yeddi gündən iki günə endirib. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Bəqayi həftəlik mətbuat konfransında Tehranın danışıqların başlanması ilə bağlı şərtlərini müdafiə edərək, onların ən məntiqli təklif olduğunu deyib. O, danışıqlardan əvvəl ABŞ-nin qanunsuz sanksiyalarının və dəniz blokadasının götürülməsi, eləcə də bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması tələbinin məntiqsiz olub-olmadığını soruşub.

İran rəsmisinin açıqlaması ABŞ dövlət katibi Marko Rubionun Tehranın bəzi şərtlərini “qəbuledilməz, absurd və gülünc” adlandırmasına cavab olub.

Bəqayi həmçinin Vaşinqtonun İraqa təzyiq göstərərək İranla sərhəd keçidlərinin əksəriyyətini bağlatdırmağa çalışdığını iddia edib. Onun sözlərinə görə, bu məsələ Tehranla Bağdad arasındakı münasibətlərə təsir göstərməməlidir.

Rubio İranla danışıqlarda irəliləyiş əldə olunacağına şübhə ilə yanaşdığını bildirib. ABŞ Prezidenti Donald Tramp isə danışıqlarda ciddi irəliləyiş olacağı halda İrana yeni zərbələr endirilməsi barədə əmr verməyəcəyini açıqlayıb.