QafqazNews Kommersant-a istinadən xəbər verir ki, Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas Suriyanın rəhbərliyindən DNR, LNR, Abxaziya və Cənubi Osetiyanı tanımaqdan imtina etməsini tələb edib, bunun qarşılığında isə ölkənin Aİ ilə yaxınlaşması barədə imkanlar təklif olunub.

Kaya Kallas jurnalistlərə verdiyi açıqlamada bildirib ki, bu məsələ onun oktyabr ayında Dəməşqə səfəri zamanı Prezident Əhməd əş-Şaraa və Xarici İşlər naziri Əsəd əş-Şeybani ilə görüşlərdə qaldırılıb. O, məsələnin gələcək əməkdaşlıq danışıqlarına daxil edilməsini təklif edib.

Kallasın təşəbbüsü hələ ki, Avropa İttifaqı ölkələri tərəfindən nəzərdən keçirilir. Diplomatik mənbələrə görə, Aİ-nin digər tələbləri sırasında Rusiyanın Suriyadakı hərbi mövcudluğunun azaldılması da yer alır.

Cənubi Osetiyanın Xarici İşlər Nazirliyi bu təklifi tənqid edərək Avropa İttifaqını “siyasi şantaj”da ittiham edib və Suriyayla münasibətləri dəstəkləyib, onları genişləndirməyi planlaşdırdıqlarını bildirib.

Qeyd olunur ki, Aİ-nin Suriya əleyhinə sanksiyaları 2011-ci ildən tətbiq edilirdi və bu tədbirlər suriyalı rəsmi şəxslərə, təşkilatlara və ayrı-ayrı iqtisadi sektorlara qarşı məhdudiyyətləri əhatə edirdi. 2024-cü ilin dekabrında Prezident Bəşər Əsəd devrildikdən sonra hakimiyyətə Əhməd əş-Şaraa gəlib və bu dəyişiklikdən sonra Avropa İttifaqı Suriyaya qarşı sanksiyaların yumşaldılmasına başlayıb.