QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkənin müharibə ilə üz-üzə qalması ehtimalını müzakirə edərkən dialoq və danışıqlar tərəfdarı olduqlarını söyləyib. O, bunu İran Süd Sənayesi müəssisəsinin yaradılmasının ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı qeyd edib.
Pezeşkianın sözlərinə görə, İranın Ali Rəhbəri “nə müharibə, nə sülh” vəziyyətinin başa çatdırılmasını tapşırıb. Prezident bildirib: “Biz ləyaqətlə dialoq apara və məsələni ləyaqətlə həll edə bilərik. Biz dialoq və danışıqlar tərəfdarıyıq. Məntiq tələb edir ki, əgər öz haqqımızı danışıqlar yolu ilə əldə edə biliriksə, özümüzü müharibəyə cəlb etməyək. Lakin güc və zorakılıq qarşısında da təslim olmayacağıq”.
O, BMT Baş Assambleyasındakı çıxışında da İranın ədalətli, bərabər və bərabərhüquqlu şərtlərə söykənən dialoqu dəstəklədiyini, hüquqlarını tələb etdiyini, amma güc qarşısında əyilməyəcəyini vurğuladığını xatırladıb.
İran Prezidenti benzin, elektrik enerjisi və qaz daxil olmaqla enerji istehlakına nəzarət və qənaətin önəmini diqqətə çatdırıb. Onun fikrincə, istehlakın səmərəli idarə edilməsi istehsalın dayandırılmasının qarşısını almalıdır.
Pezeşkian ölkənin mövcud imkanlarından yararlanaraq çətinlikləri aradan qaldırmaq və davamlı tərəqqiyə zəmin yaratmağın vacibliyini də qeyd edib.