QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Jitomirin “Polesye” klubu “Qarabağ”ın futbolçusu Aleksey Kaşuku transfer etmək niyyətindədir.
Ukraynalı jurnalist İqor Burbas bu barədə “BurBuzz” YouTube kanalında danışıb. Onun sözlərinə görə, klub 26 yaşlı vingeri uzun müddətdir izləyir və ötən yay da onun transferini nəzərdən keçirib. Lakin “Polesye” sonradan sağ cinah mövqeyini “Qarabağ”dan aldığı Leandro Andrade ilə gücləndirib.
Burbasın bildirdiyinə görə, “Polesye”nin baş məşqçisi Ruslan Rotan Kaşukun oyun imkanlarına yaxından bələddir. Onlar əvvəllər Ukraynanın gənclər və olimpiya yığmalarında birlikdə fəaliyyət göstəriblər. Buna görə Rotan futbolçunun komandaya cəlb olunmasına müsbət yanaşır.
Kaşukun “Qarabağ”la müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir. O, bu mövsüm Ağdam klubunun heyətində 18 matç keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə verib.