QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Polşanın milli müdafiə nazirinin müavini Stanislav Vzentek Rusiya diplomatik nümayəndəsinin ölkədən çıxarılmasının Moskva ilə münasibətləri hərbi qarşıdurma həddinə çatdıra biləcəyini bildirib.
O, Polşa Radiosuna müsahibəsində belə bir addıma Kremlin cavab verəcəyini deyib. Vzentekin sözlərinə görə, Varşava bu halda Rusiyadakı səfirliyini bağlamalı ola bilər və ölkə daxilindəki proseslər barədə məlumat toplamaq imkanını itirər. Nazir müavini diplomatik əlaqələrin dayandırılmasını yalnız ən kəskin vəziyyətlərdə mümkün sayıb.
Vzentek Rusiya raketlərinin Ukrayna üzərində zərərsizləşdirilməsi ehtimalına da toxunub. O, bunun üçün NATO çərçivəsində ümumi qərar qəbul edilməsinin vacibliyini vurğulayıb.
Polşa rəsmisi bildirib ki, ABŞ Prezidenti Donald Tramp Moskva ilə gərginliyin yüksəlməsinin qarşısını almağa çalışır. Bununla yanaşı, Vaşinqtonun belə qərarları əngəllədiyini söyləmək üçün hələ tez olduğunu qeyd edib. Vzentekin fikrincə, Varşava ən mühüm müttəfiqinin mövqeyini nəzərə almalıdır.
Noyabrın 20-də Polşa rəhbərliyi ölkənin hava məkanının pozulduğunu açıqlamışdı. Lyublin və Podkarpatsk voyevodalıqlarının sakinləri hava həyəcanı siqnalları ilə yuxudan oyandıqdan sonra hökumətin təhlükəsizlik mərkəzi mümkün hücum barədə xəbərdarlıq etmişdi. Sonradan mediada Ukrayna sərhədindən 46 kilometr aralıdakı Novı-Lipovets kəndinə mənşəyi müəyyənləşdirilməyən hava obyektinin düşdüyü barədə məlumat yayılmışdı.
Bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi hava məkanının Rusiya tərəfindən pozulması ilə əlaqədar rusiyalı səfir Georgi Mixnonu nazirliyə çağırmışdı.