QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, “Qarabağ” Premyer Liqada ardıcıl üç oyunda rəqib qapısına yol tapa bilməyib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda son 15 mövsümdə ilk dəfə belə nəticə ilə üzləşib.

“Sabah” və “Qəbələ” ilə qolsuz bərabərlikdən sonra Ağdam təmsilçisi XI turda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub. Komanda sonuncu dəfə 2011/2012 mövsümündə üç matç dalbadal qol vura bilməmişdi.

Həmin seriya 15 il 3 ay əvvəl başlayıb. “Qarabağ” 2011-ci il avqustun 21-də səfərdə “Kəpəz”i 2:1 hesabı ilə yenəndən sonra sentyabrın 24-də AZAL-ın meydanında 3:1 hesablı qələbəyədək üç görüşdə fərqlənə bilməyib. Bu müddətdə Ağdam klubu avqustun 27-də evdə “Qəbələ”yə, sentyabrın 17-də isə “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzub. Sentyabrın 11-də Sumqayıtda eyniadlı komanda ilə qarşılaşma 0:0 hesabı ilə yekunlaşıb.

“Qarabağ”ın Azərbaycan çempionatlarında qolsuz qaldığı ən uzun seriya dörd oyundur və bu göstərici iki dəfə qeydə alınıb. Daha bir matçda qol vura bilməsə, klub həmin antirekordu təkrarlayacaq.

Ağdam təmsilçisi ardıcıl dörd qarşılaşmada qələbə qazana bilməyərək son 11 mövsümdə ilk dəfə belə vəziyyətə düşüb. Buna bənzər seriya klubda sonuncu dəfə 2015/2016 mövsümündə yaşanıb.