QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı aparılan hərbi əməliyyatın Respublikaçıların noyabrın 3-də keçirilən Konqres seçkilərindəki məğlubiyyətinə təsir etmiş ola biləcəyini istisna etməyib.

Tramp bu fikri “CBS News”a müsahibəsi zamanı səsləndirib. Söhbət əsnasında jurnalist ondan vitse-prezident Cey Di Vensin seçki nəticələrini İranla müharibənin amerikalı seçicilər arasında dəstək qazanmaması ilə əlaqələndirən şərhinə münasibət bildirməsini istəyib.

“Bununla razılaşmadığımı demirəm”, – Tramp cavab verib. Jurnalist Prezidentdən Vensin qənaətini bölüşüb-bölüşmədiyini soruşduqda o, eyni mövqeyini təkrarlayıb.

Trampın sözlərinə görə, Vens “X” hesabında həmin açıqlamanı paylaşmazdan əvvəl onunla məsləhətləşib. Prezident isə vitse-prezidentə uyğun hesab etdiyi fikirləri yazmasını söylədiyini bildirib.

Müsahibədə Tramp İrana qarşı hərbi əməliyyatları genişləndirmək niyyətində olmadığını da deyib. “Bunu etməyə can atmıram. Bunun üçün əsas görmürəm”, – o bildirib.

İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı suala cavabında ABŞ Prezidenti iddia edib ki, ölkəsinin nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra həmin ehtiyatlar dağıntıların altında qalıb. “O, minlərlə ton qayanın altında basdırılıb”, – Tramp əlavə edib.