QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, 1711-ci il noyabrın 19-da dünyaya gələn Mixail Vasilyeviç Lomonosov Rusiya elminin ilk böyük təbiətşünaslarından və Avropa maarifçiliyinin seçilən simalarından biri sayılırdı. O, müxtəlif elm və sənət sahələrini əhatə edən ensiklopedik biliyə malik idi.

Lomonosov kimya və fizika ilə yanaşı, astronomiya, coğrafiya, metallurgiya, geologiya və cihazqayırma sahələrində çalışıb. O, həmçinin yazıçı, şair, rəssam və tarixçi kimi tanınıb. Elmi əsərləri beynəlxalq səviyyədə məşhurlaşıb.

Kimya professoru olan alim fiziki kimyanın məzmununu müasir yanaşmalara yaxın şəkildə izah edən ilk tədqiqatçılar sırasında yer alıb. Astronomiyada isə Veneranın atmosferinin olduğunu müəyyən etməsi ilə tanınıb.

Onun istiliyin molekulyar-kinetik nəzəriyyəsi maddənin quruluşu barədə bugünkü təsəvvürləri və termodinamikanın əsas prinsiplərini qabaqlayıb. Lomonosov şüşə elminin bünövrəsini qoyanlardan olub, müasir rus ədəbi dilinin formalaşmasına mühüm töhfə verib. Rusiya tarixinə dair araşdırmaları, elm və təhsil naminə fəaliyyəti onu dövrünün nüfuzlu ziyalılarından birinə çevirib.

Lomonosovun şəxsiyyəti yalnız elmi uğurlarla səciyyələnmirdi. İri cüssəli, güclü iradəli və çılğın təbiətli olduğu bildirilən alimin elmi mövqeyini hətta yumruqları ilə müdafiə etməyə hazır olduğu barədə fikirlər də dolaşırdı. Kəskin xasiyyəti onu dəfələrlə qalmaqallı vəziyyətlərə salmışdı.

Alman akademikləri ilə qarşıdurma

Onun həyatındakı əsas münaqişələrdən biri Sankt-Peterburq Elmlər Akademiyasındakı münasibətlərlə bağlı idi. Akademiyanın ilk illərində alimlər və rəhbər vəzifələr əsasən əcnəbilərin, xüsusən də almanların əlində cəmləşmişdi.

Lomonosov alman həmkarlarını elmi hazırlıqlarının zəifliyində, hətta latın dilini bilməməkdə günahlandırırdı. Akademiyada geniş yayıldığını düşündüyü korrupsiyanı da kəskin tənqid edirdi. Əvvəlcə ona dəstək verən dəftərxana rəhbəri Şumaxer sonralar alimin ən sərt rəqiblərindən oldu.

Digər böyük fikir ayrılığı Rusiya dövlətinin yaranışına dair “Norman nəzəriyyəsi” ilə bağlı idi. Professorlar F. İ. Miller və Q. Z. Bayer bu yanaşmanı müdafiə edir, knyaz Rürikin Skandinaviya, daha dəqiq desək, İsveç mənşəli olduğunu bildirirdilər.

Lomonosov nəzəriyyəni qətiyyətlə qəbul etmirdi. Onun dövründə İsveç Rusiya imperiyasına dost münasibət göstərmədiyindən, alim qarşı tərəfin iddialarına həm elmi, həm də siyasi-tarixi müstəvidə etiraz edirdi.

Miller və Bayerin qədim rus tarixini isveçlilər gələnədək “böyük cəhalət qaranlığı” kimi təqdim etməsini sərt tənqid edən Lomonosov bəzən şəxsi təhqirlərə də əl atırdı.

Bayer həvari Andrey Pervozvannının Dnepr və Volxov sahillərində xristianlığı yayması barədə rəvayəti şübhə altına almışdı. Buna kinayə ilə cavab verən Lomonosov yazırdı ki, Bayerin yanında onun burnuna kimyəvi maddə yaxınlaşdırıb özünə gətirəcək biri olaydı.

Alman akademikləri də Lomonosovu nüfuzdan salmağa və Akademiyadan kənarlaşdırmağa cəhd göstərirdilər. Rusiya tarixi üzrə onun yerinə akademik seçilən Şlöser Mixail Vasilyeviçi “salnamələrindən başqa heç nə bilməyən kobud cahil” adlandırmışdı.

Mübahisələr bəzən fiziki qarşıdurmaya çevrilirdi. Lomonosov haqqında döymə və təhqir ittihamları ilə bir neçə dəfə iş açılıb, bir dəfə isə alim bir neçə ay həbsdə saxlanılıb.

1763-cü ildə Taubert, Miller, Ştelin, Epinus və başqalarının donosları əsasında imperatriça II Yekaterina onun Akademiyadan uzaqlaşdırılması barədə qərar qəbul etmişdi. Lakin dünya elmi dairələrində qazandığı nüfuz səbəbindən bu qərar qısa müddət sonra ləğv olundu.

Ruhanilərlə fikir ayrılığı

Lomonosovun başqa bir xüsusiyyəti antiklerikal baxışları idi. Dindar olmasına baxmayaraq, kilsənin elmin işinə qarışmasına qarşı çıxırdı.

1728-ci ilə aid kilsə qeydlərində onun 17 yaşında etirafdan yayındığı göstərilir. Bu məlumat gəncliyindən dini qaydalara kor-koranə tabe olmadığını göstərən nümunələrdən biri kimi təqdim edilir.

Alim elm və dinin bir-birinin fəaliyyət sahəsinə müdaxilə etməməli olduğunu düşünürdü. Ruhanilərə müraciətində belə yazırdı:

“Ruhanilər fiziki həqiqətləri üzə çıxaran, insanların faydasına və maariflənməsinə xidmət edən elmi təlimlərə müdaxilə etməməli, xüsusilə də moizələrində elmləri təhqir etməməlidirlər”.

Onun təşəbbüsü nəticəsində Moskva Universitetində tədris olunan fənlər arasından ilahiyyat çıxarılmışdı.

Kilsə nümayəndələrinin heliosentrik sistemi — Yer də daxil olmaqla planetlərin Günəş ətrafında hərəkət etməsini — qəbul etməməsi Lomonosovla ruhani dairələr arasındakı ciddi münaqişələrdən birinə çevrildi. Alim bu mövqeyə etiraz edərək onları elmi astronomiyanı məhv etməyə çalışan “qəzəbli cahillər” adlandırırdı.

O, kilsə çevrələrində rast gəldiyini bildirdiyi riyakarlıq, sərxoşluq, əxlaqsızlıq və tamahkarlıq kimi halları da açıq tənqid edirdi. Lomonosovun fikrincə, bu davranışlar ruhani məqam daşıyan şəxslərə yaraşmırdı.

Ruhanilərlə münaqişə onun şeirlərində də əks olunub. Antiklerikal məzmun daşıyan “Saqqala himn” satirik əsəri kilsə rəhbərlərinin narazılığına səbəb olmuşdu.

Müqəddəs Sinod əsərlə bağlı imperatriça Yelizaveta Petrovnaya geniş məruzə təqdim edərək Lomonosovun ağır cəzalandırılmasını istəmişdi. Alim Akademiyaya, müxtəlif dövlət komissiyalarına və almanlara qarşı dəfələrlə hörmətsiz, təhqiramiz davranmaqda günahlandırılırdı.

Şikayətçilər onun ölüm cəzasına məhkum edilməsini, bu mümkün sayılmadıqda şallaqlanmasını, hüquq və əmlakından məhrum olunmasını tələb edirdilər. Arximandrit Dmitri Seçenov isə Lomonosovun tonqalda yandırılmasını, əsərlərinin də oda atılmasını istəyirdi.

İmperatriça şikayətlərin bir hissəsini qəbul edib alimi təqsirli saysa da, onun açıq şəkildə cəzalandırılmasına və əsərlərinin yayımının qadağan olunmasına razılıq vermədi.

Nəticədə Lomonosovun illik maaşının yarısı tutuldu və törətdiyi hesab edilən “ədəbsiz hərəkətlərə” görə üzr istəməsi tələb olundu.

Alimin həyatı onun yalnız elmi kəşfləri ilə deyil, köhnəlmiş düşüncələrə qarşı çıxması, müstəqil mövqeyi və güzəştsiz xarakteri ilə də seçildiyini göstərir. Lomonosov üçün elmi həqiqətin müdafiəsi nüfuzlu şəxslər və qurumlarla qarşıdurma bahasına başa gəlsə belə, vacib idi.