QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, dövlət qulluğu imtahanlarında fənn və sual bölgüsünün yenilənməsi 2027-ci ildə digər dövlət qurumlarına qəbul proqramlarını da gündəmə gətirib.

Yeni qaydaya görə, dövlət qulluğu imtahanında Azərbaycan dili və informatika üzrə suallar olmayacaq. Onların yerinə emosional intellektlə bağlı tapşırıqlar daxil edilib.

Dövlət qulluğu imtahanında namizədlər 100 suala cavab verəcəklər: 50-si qanunvericilik, 30-u məntiq, 20-si emosional intellekt üzrə olacaq.

Dövlət Miqrasiya Xidmətinin qəbul imtahanı 100 sualdan təşkil olunacaq. Burada qanunvericilik üzrə 50, məntiq üzrə 20, dünyagörüşü və emosional intellekt üzrə isə 15 sual nəzərdə tutulur. Bu bölgü 2026-cı il imtahanından sonra keçiriləcək növbəti imtahana aiddir.

Ədliyyə Nazirliyinin ümumi qəbul imtahanında 80 sual qanunvericiliyə, 20 sual məntiqə aid olacaq. Xüsusi İcra Məmurları (XİM) və Xidmət Daxili Məmur (XDM) istiqamətləri üzrə imtahanlarda dünyagörüşü tapşırıqları da yer alacaq.

Prokurorluq orqanlarına qəbul üçün test 100 sualdan ibarət olacaq. Onlardan 80-i qanunvericilik, 20-si məntiq üzrə hazırlanacaq.

Hakim vəzifəsinə namizədlər 100 suala cavablandıracaqlar. Sualların 95-i qapalı, 5-i açıq tipli olacaq; bölgüdə 90 sual qanunvericiliyə, 10 sual məntiqə ayrılıb.

Vəkillər Kollegiyasının ixtisas imtahanında 100 sualın hamısı qanunvericilik mövzusunu əhatə edəcək.

Dövlət Gömrük Komitəsinin qəbul imtahanında 100 test tapşırığı veriləcək. Onlar qanunvericilik, məntiq və dünyagörüşünü yoxlayacaq.

Dövlət Vergi Xidmətinin test mərhələsində də 100 sual olacaq. Namizədlərin qanunvericilik, dünyagörüşü və məntiq bilikləri qiymətləndiriləcək. Məntiq bölməsinə rəqəmsal və verbal məlumatların təhlili, abstrakt və məntiqi düşünmə daxildir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul imtahanı 50 sualdan ibarət olacaq. Tapşırıqlar qanunvericilik, dünyagörüşü və məntiq istiqamətlərini əhatə edəcək.

Xarici İşlər Nazirliyinə qəbul prosesi iki mərhələdə aparılacaq. Birinci mərhələdə qanunvericilik, dünyagörüşü və məntiq üzrə biliklər yoxlanacaq. Növbəti mərhələdə xarici dil bacarığı qiymətləndiriləcək: dinləyib-anlama üzrə 10, oxuyub-anlama üzrə 20 sual veriləcək, həmçinin esse yazmaq və danışıq bacarıqları sınaqdan keçiriləcək. IELTS nəticəsi 7.0 və ya daha yüksək olan namizədlər ikinci mərhələdən azad ediləcəklər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin növbəti qəbul imtahanında hansı fənlərin olacağı və sualların sayı hələ dəqiqləşməyib.

Bu yaxınlarda keçirilmiş testdə namizədlərə 100 qapalı sual təqdim olunmuşdu. Onlardan 40-ı qanunvericilik, 10-u Azərbaycan dili, 20-si informatika, 15-i Azərbaycan Respublikasının tarixi və coğrafiyası, digər 15-i isə məntiqi təfəkkürün müəyyənləşdirilməsi üzrə idi.

Gələcək illərdə vakant vəzifələr üzrə müsabiqələrin keçirilmə vaxtı və qeydiyyat qaydaları aidiyyəti dövlət qurumlarının rəsmi internet səhifələrində açıqlanacaq.