QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycanda həyətyanı torpaqlara mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında dövlət qeydiyyatına alınması nəzərdə tutulur.
Bu müddəa Mülki Məcəlləyə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişikliklər layihəsində yer alıb. Layihə “Torpaq islahatı haqqında” qanuna əsasən vətəndaşlara verilmiş, lakin mülkiyyət hüququ rəsmiləşdirilməmiş sahələrlə bağlı qaydanı dəyişir.
Torpaq islahatı çərçivəsində ayrılan həyətyanı sahələr üzrə mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələri ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərtib edirdi. Bu sənədlərin verilməsi 2006-cı il iyulun 6-dək davam edib. Daşınmaz əmlaka hüquqları təsdiqləmək üçün dövlət reyestrindən çıxarışların verilməsinə başlanandan sonra şəhadətnamə prosesi dayandırılıb, komitə isə vətəndaşlara torpaq sahələrinin plan-ölçüsünü təqdim edib.
Beləliklə, bəzi vətəndaşlar həmin tarixədək şəhadətnamə alsa da, vaxtında müraciət etməyənlərə mülkiyyət hüququnu təsdiqləyən sənəd deyil, yalnız texniki plan-ölçü verilib. Bu sənəd hüquqmüəyyənedici sayılmadığından, onun əsasında torpağa mülkiyyət hüququnu qeydiyyata almaq və çıxarış vermək mümkün olmayıb. Halbuki sahələr hər iki halda torpaq islahatı çərçivəsində ayrılıb.
Oxşar vəziyyət bələdiyyələrin ayırdığı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 2006–2015-ci illərdə plan-ölçüsünü hazırladığı həyətyanı torpaqlarda da yaranıb.
Təklifə görə, komitənin ləğv edildiyi 2015-ci il fevralın 6-dək “Torpaq islahatı haqqında” qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş sahələr üçün tərtib olunan plan-ölçü sənədi hüququn dövlət qeydiyyatına alınmasına əsas verəcək. Dəyişiklik eyni hüquqi əsasla torpaq alan, lakin fərqli sənədlərlə təmin edilmiş vətəndaşların vəziyyətini bərabərləşdirməyi və mülkiyyət hüquqlarının qeydiyyatı üçün hüquqi əsas yaratmağı hədəfləyir.